Xəbərlər
Yanvar-iyul aylarında Azərbaycan 137 ölkə ilə ticarət əməliyyatı aparıb
Cari ilin yanvar-iyul aylarında Azərbaycan 137 ölkə ilə ticarət əməliyyatı aparıb. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, bu müddət ərzində Azərbaycanın ümumi ticarət dövriyyəsinin həcmi 18,13 milyard dolları ötüb. Xarici ticarət əməliyyatlarında 8,36 milyard dollardan çox müsbət saldo yaranıb.
Ötən ilin analoji dövründə xarici ticarət profisiti 7,68 milyard dollar, 2014-cü ilin iyul ayının nəticələri üzrə isə 1,25 milyard dollardan çox olub. Məlumatda bildirilir ki, bu dövr ərzində ölkənin xarici ticarət əməliyyatlarında 4676 hüquqi və fiziki şəxs iştirak edib ki, onlardan 3107-si hüquqi, 1569-u isə fiziki şəxsdir.
Yanvar-iyul aylarında 13,25 milyard dollar həcmində ixrac əməliyyatları həyata keçirilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,44 faiz azdır. İxrac əməliyyatlarında dövlət sektorunun payı 12,47 milyard dollar, özəl sektor - 659,57 milyon dollar, fiziki şəxslərin payı isə 115,65 milyon dollar olub. Yanvar-iyul aylarının yekunlarına görə, idxal 4,88 milyard dolları ötüb ki, bu da 2013-cü ilin analoji dövründə qeydə alınan göstəricidən 20,97 faiz azdır.
Cari ilin yanvar-iyul aylarında Azərbaycandan 1732 adda məhsul ixrac, ölkəyə 5436 adda məhsul isə idxal olunub.