YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar Əliyev: “Təhsil haqqında” qanuna edilən dəyişiklik ölkənin ali təhsil sistemində bakalavriat səviyyəsində bir illik ödənişli hazırlıq qruplarının təşkilini nəzərdə tutur

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Təhsil haqqında” qanuna dəyişiklik məsələsi müzakirəyə çıxarılıb. Layihə haqqında məlumat verən Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirib ki, qanuna təklif edilən dəyişiklik ölkənin ali təhsil sistemində bakalavriat səviyyəsində bir illik ödənişli hazırlıq qruplarının təşkilini nəzərdə tutur.

Layihəyə əsasən, hazırlıq qruplarında tədrisin sonunda keçiriləcək buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar. Bildirilib ki, məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaq və bilik səviyyəsinin artırılmasına yardım etməkdir.

Müzakirələr zamanı bəzi deputatlar layihə ilə bağlı iradlarını bildiriblər.

Milli Məclisin sədri Oqtay Əsədov isə bu məsələyə aydınlıq gətirib. O deyib ki, layihədə imtahansız universitetə qəbul məsələsi qeyd olunmayıb: “Layihədə qeyd olunub ki, hazırlıq qruplarında kurs keçənlər də həmişəki qayda ilə imtahan verəcəklər. Burada anlaşılmayan nə var? Qanun layihəsini diqqətlə oxusanız, bunu görərsiniz”.

Hər il Azərbaycanda ali məktəbə imtahan verən tələbələrdən 40 min nəfərinin kənarda qaldığını deyən spiker onlardan 20 min nəfərinin xaricə təhsil almağa getdiyini bildirib: "Qanun layihəsi məhz ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaq məqsədi daşıyır. Nəyə görə həmin tələbələri ölkəmizdə hazırlıq kursuna cəlb etməyək? Nəyə görə onlar xaricə gedib pullarını orada xərcləməlidirlər. Artıq qanun layihəsinə əsasən, Azərbaycanda1 illik hazırlıq kursuna getməklə növbəti il də ali məktəbə daxil olmaq mümkün olacaq".

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.