Partiya xəbərləri
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının X konfransı keçirilib
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının X konfransı keçirilib.
Konfransda 209 nümayəndədən 180 nəfər iştirak edirdi.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri qoyublar.
Konfransda YAP Laçın rayon təşkilatının sədr müavini Xaliq Musayev geniş hesabat məruzəsi ilə çıxış edib. Xaliq Musayev bildirib ki, Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsində öz əksini tapmış dövlətçilik ideologiyası və Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın həyata keçirilməsi Yeni Azərbaycan Partiyasının öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir. Ötən müddət ərzində partiyanın iştirakı ilə həyata keçirilən tədbirlər, görülən bütün işlər Azərbaycanın milli maraqlarına tam cavab verməklə, ölkəmizin müstəqilliyinə, milli təhlükəsizliyimizə, Azərbaycan vətəndaşlarının maddi rifah halının gündən-günə daha da yaxşılaşmasına, respublikamızın tərəqqisinə xidmət edir. Xaliq Musayev qeyd edib ki, hesabat dövrü ərzində YAP Laçın rayon təşkilatının üzvlərinin sayı 927 nəfər artaraq, 3552 nəfər təşkil edib.
Sonra YAP Laçın rayon təşkilatının nəzarət-təftiş qrupunun sədri Tofiq Mirzəyev hesabat məruzəsi ilə çıxış edib.
Tədbirdə konfrans iştirakçılarından Əmirxan Zəynalov, Solmaz Məhərrəmova, Vüsal Həsənov çıxış edərək təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Konfransda YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Yeni Azərbaycan Partiyası İdarə Heyyətinin üzvü, Kərim Kərimov Milli Məclisin deputatı Mahir Abassadə və Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək Yeni Azərbaycan Partiyasının Azərbaycanın müasir siyasi tarixində mühüm rolundan bəhs ediblər. Qeyd olunub ki, bu gün Heydər Əliyev siyasəti Azərbaycanın inkişafının əsasını təşkil edir və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində Azərbaycan dünyada nüfuzlu, qüdrətli dövlətə çevrilib.
Çıxışlardan sonra konfransın qətnaməsi qəbul olunub.
Daha sonra təşkilati məsələlərə baxılıb. İlqar İlyasov YAP Laçın rayon təşkilatının yeni sədri seçilib. Həmçinin sədrin 3 müavinləri, 31 nəfərdən ibarət Şura, 13 nəfərdən ibarət İdarə Heyəti, 7 nəfərdən ibarət Nəzarət-Təftiş qrupu seçilib.