YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəttah Heydərov: Biz istəyirik ki, dünyada, o cümlədən ölkəmizdə sülh və əminamanlıq olsun

«Azərbaycan dövləti İslam həmrəyliyinin təmin olunması üçün fəal təşəbbüslərlə çıxış edir. Bu gün bir sıra müsəlman ölkələrində mürəkkəb proseslərin baş verdiyi şəraitdə həmrəyliyin təmin olunmasının nə qədər zəruri olduğu dünyanın sağlam cəmiyyətləri tərəfindən aydın şəkildə dərk edilir».   Bu fikirləri yap.org.az. saytına Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib.

F.Heydərov bildirib ki, hazırda ölkəmizdə «İslam Həmrəyliyi İli» çərçivəsində mühüm tədbirlər keçirilir. Onun sözlərinə görə, Prezident İlham Əliyev Heydər Əliyev yolu ilə gedərək bütün dünyada sülhün təşəbbüskarı kimi çıxış edir.

«Prezident İlham Əliyev öz siyastində digər ölkələr, xalqlar arasında normal əməkdaşlığı və  həmrəyliyi əsas götürür. Bilirsiniz ki, xalqımızın ən böyük problemi torpaqlarımızın bir hissəsinin Ermənistan tərəfindən işğal olunmasıdır. Ötən dövr ərzində Azərbaycan inkişaf edib, iqtisadiyyatımız güclənib və bu gün qüdrətli ordumuz var. Heç kimdə şübhə yoxdur ki, dövlətimiz istəsə hərbi yolla qısa müddətdə nəinki işğal olunmuş Dağlıq Qarabağı və onun ətrafındakı rayonlarımızı azad edə bilər, hətta tarixi torpaqlarımız olan İrəvan da həqiqi sahibinə qaytarıla bilər. Amma bizim Prezidentimiz səbr nümayiş etdirir, münaqişənin diplomatik yolla həllini  qəbul edir. Dövlətimizin başçısı çalışır ki,  işğal olunmuş torpaqlarımız sülh yolu ilə azad olunsun. Ölkəmiz münaqişənin beynəlxalq hüquq əsasında həllinin tərəfdarıdır. Biz istəyirik ki, dünyada, o cümlədən ölkəmizdə  sülh və əminamanlıq olsun. Azərbaycan Prezidentinin bu mövqeyi qarşılıqlı ziddiyyətdə olan dövlətlər, qanlı toqquşmaların baş verdiyi ölkələr üçün bir nümunədir».

Ümumiyyətlə, bütün münaqişələrin sülh yolu ilə həll etməyin vacibliyinə diqqət çəkən millət vəkili deyib ki, dünyaya, insanlara  müharibə yox, sülh lazımdır. «Hər bir insan ayrıca  fərddir və heç kəs heç kəsin əvəzi deyil. Hörmətli Prezidentimiz öz mövqeyi ilə nümayiş etdirir ki, bütün dünyada, o cümlədən müsəlman aləmində həmrəylik təmin olunmalıdır. Azərbaycan ərazi baxımdan kiçik dövlət olsa da, bütün dünya üçün gözəl nümunələr təqdim edir. Bu nümunələrdən biri də dünyadakı qanlı toqquşmaların dayandırılması, günahsız insanların ölümünün qarşısının alınması yönündə fəal təşəbbüslərdir. Bütün bunların timsalında Azərbaycanda 2017-ci ilin «İslam Həmrəyliyi İli» elan olunması  qlobal məna daşıyır və dünyada sülh, əminamanlıq və  insanların dinc yaşaması naminə böyük bir mesajdır»- deyə, Ağsaqqallar Şurasının sədri vurğulayıb.