Xəbərlər
Ziyad Səmədzadə: İqtisadiyyatın şaxələndirilməsində özəl sektor mühüm rola malikdir
«Hazırda qarşıda duran əsas vəzifələrdən biri ixracın həm məhsulların çeşidi, həm də coğrafiyası baxımından şaxələndirilməsidir. Bu məqsədlə ixracın, o cümlədən geri ödəmə dəstəyinin verilməsi, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınması istiqamətində işlər görülür». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Z.Səmədzadə bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi, məşğulluğun təmin olunması, qeyri-neft məhsullarının ixracının artırılması, idxaldan asılılığın azaldılması və digər strateji vəzifələrin həllində özəl sektor mühüm rola malikdir.
«İqtisadi dayanıqlılığın təmin olunmasında ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, bu siyasətin prioritet istiqamətlərindən olan regionların sosial-iqtisadi inkişafı proqramlarının müstəsna əhəmiyyəti var. Hazırkı dövrdə əlavə valyuta tələbi yaradan, idxalı əvəz edən və ölkəyə valyuta gətirən ixracyönümlü yerli istehsalın genişlənməsinin sürətləndirilməsi məqsədilə dövlət tərəfindən konkret layihələrə yönəldilən infrastruktur dəstəyi yerli istehsalın daha sürətli artımına, dövlət investisiyalarının məqsədyönlü və səmərəli istifadəsinə, əhalinin məşğulluğuna öz töhfəsini verəcək»- deyə, komitə sədri vurğulayıb.