Xəbərlər
Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılan komissiya Quba Soyqırımı Memorial Kompleksində olub
Quba Soyqırımı Memorial Kompleksində açıq havada qalan insan sümüklərinin təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi ilə bağlı yaranmış mövcud vəziyyətin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılan komissiya üzvləri iyunun 9-da Qubaya gəliblər.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovun rəhbərlik etdiyi komissiyanın üzvləri kompleksin məzarlıq hissəsində insan sümüklərinə və sürüşmə hallarının aktivləşdiyi ərazilərə baxış keçiriblər.
Sonra Quba Rayon İcra Hakimiyyətində komissiyanın iclası keçirilib.
Bildirilib ki, memorial kompleks XX yüzilliyin əvvəlində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, etnik təmizləmə, dinc əhalinin amansızlıqla qətlə yetirilməsini faktlarla əks etdirən muzey və kütləvi məzarlıqdan ibarətdir. Kompleks erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılmasında, həmçinin Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasında və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Dövlətimizin başçısının həyata keçirdiyi siyasət ölkəmizin haqq səsinin beynəlxalq müstəvidə eşidilməsi, Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılması prosesində öz bəhrələrini verməkdədir.
İclasda kompleksin məzarlıq hissəsində yaranmış mövcud vəziyyətlə bağlı müzakirələr aparılıb, komissiya üzvlərinin təklifləri dinlənilib.