Partiya xəbərləri
YAP Suraxanı rayon təşkilatının IX konfransı keçirilib
İyunun 1-də Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının IX konfransı keçirilib.
Konfrans Dövlət Himinin səsləndirilməsi ilə öz işinə başlayıb. Daha sonra YAP Suraxanı rayon təşkilatının fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirilib.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı olduğu kimi, eyni zamanda, Yeni Azərbaycan Partiyasının yaradıcısıdır. Ümummilli liderin nurlu zəkasından yaranan və Prezident İlham Əliyevin müdrik və qətiyyətli fəaliyyəti ilə güclənən Yeni Azərbaycan Partiyası ölkəmizin qurtuluş simvoluna, tərəqqi rəmzinə çevrilib. Bu gün YAP Azərbaycan xalqı tərəfindən dəstəklənən, böyük nüfuza malik olan qüdrətli siyasi qüvvədir. Yeni Azərbaycan Partiyası öz ətrafında xalqımızın qabaqcıl ziyalılarını, intellektual potensialını birləşdirmək baxımından cəmiyyətin alternativsiz partiyasıdır.
Məruzədə qeyd edilib ki, partiyanın Suraxanı rayon təşkilatı fəaliyyəti dövründə üzərinə düşən vəzifələri layiqincə yetirməyə çalışıb. V.Seyidov bildirib ki, hazırda 106 ərazi ilk partiya təşkilatında 8230 nəfər birləşib.
Sonra nəzarət-təftiş qrupunun hesabatı dinlənilib.
Daha sonra konfransda Suraxanı rayon 114 saylı tam orta məktəbin direktoru Ceyran Novruzova və YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Kənan Kərimov çıxış edərək təşkilatın fəaliyyəti haqqında fikirlərini bildiriblər.
Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvu, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, keçdiyi inkişaf yolu, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlarda iştirakı barədə geniş söz açıblar.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və konfransın qətnaməsi qəbul olunub.
Daha sonra təşkilati məsələlərə baxılıb. Rayon təşkilatının 67 nəfərdən ibarət Şurası, 27 nəfərdən ibarət İdarə Heyəti, eləcə də nəzarət-təftiş qrupu seçilib. Vüqar Seyidov yenidən YAP Suraxanı rayon təşkilatının sədri seçilib.
Sonda YAP sıralarına yeni qoşulmuş şəxslərə partiyanın üzvlük vəsiqələri və Suraxanı rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə Fəxri fərmanlar təqdim olunub.