Xəbərlər
“Xəzər Neft və Qaz 2017” sərgi-konfransında 30 ölkədən 289 şirkət iştirak edəcək
Mayın 31-dən iyunun 3-dək Bakıda Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – XXIV Beynəlxalq “Xəzər Neft və Qaz 2017” (Caspian Oil&Gas 2017) sərgi və konfransı keçiriləcək.
Bu barədə mayın 30-da keçirilən mətbuat konfransında “ITE Group” şirkətinin regional direktoru Edvard Stroon məlumat verib. O bildirib ki, builki sərgidə 30 ölkəni təmsil edən 289 şirkət iştirak edəcək. İştirakçıların ümumi sayının 15 faizini təşkil edən debütantlar arasında ABŞ, Böyük Britaniya, Rumıniya və digər ölkələrdən olan şirkətlər yer alır.
Şirkətlər sərgidə neft hasilatı, enerji daşıyıcılarının nəqli, neft-qaz saxlama sistemlərinin təmin edilməsi, habelə platformalar və üzən qazma qurğuları, texniki qulluq üzrə avadanlıqlar, xidmətlər və innovativ texnologiyaların geniş çeşidini təqdim edəcəklər.
Qeyd olunub ki, “Xəzər Neft və Qaz 2017” sərgisi ilə eyni meydançada mayın 31-dən iyunun 3-dək Xəzəryanı regionun enerji səmərəliliyi və bərpa edilən enerji sahəsində yeganə ixtisaslaşmış tədbiri olan VII Xəzər Beynəlxalq energetika və alternativ enerji (Caspian Power 2017) sərgisi də keçiriləcək. Sərginin iştirakçıları arasında Azərbaycan, Belarus, Türkiyə və digər ölkələrin energetika texnologiyaları üzrə aparıcı təchizatçı şirkətləri var.
İyunun 1-2-də keçiriləcək “Xəzər Neft və Qaz 2017” beynəlxalq konfransında isə neft-qaz sektorunun aktual mövzuları müzakirə olunacaq. Konfransda 30 ölkədən 400-dək nümayəndə iştirak edəcək.