YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ər-Riyadda 28 May - Respublika Günü münasibətilə qəbul təşkil olunub

28 May – Respublika Günü münasibətilə Ər-Riyad şəhərindəki diplomatik şəhərcikdə yerləşən “Tuveyq” sarayında Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı (SƏK) səfirliyi tərəfindən təntənəli qəbul təşkil olunub.

Bu münasibətlə “Tuveyq” sarayında Azərbaycanın görməli yerlərini, təbiətini, köhnə Bakını, paytaxtımızın gecələrini və 2015 ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərini əks etdirən foto stendlər quraşdırılıb, Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, özünə məxsus memarlığı, füsunkar təbiəti, son illər ərzində əldə olunan iqtisadi nailiyyətlər barədə sənədli filmlər nümayiş etdirilib.

Tədbirdə əsas qonaq qismində Ər-Riyad Əmirinin müavini Doktor Naser Əl-Davud, SƏK XİN-in protokol idarəsinin rəisi Əzzam bin Abdulkarim Al-Qayyin, SƏK XİN-in protokol idarəsinin rəis müavini Fəhd Əl-Buşri, SƏK-in Turizm və Abidələr Baş Komissiyası sədrinin protokolunun rəisi səfir Ələddin Əl-Əskəri və digər yüksək rütbəli məmurları, ölkədə fəaliyyət göstərən diplomatik missiyaların və beynəlxalq təşkilatların rəhbərləri, ziyalılar, türkdilli xalqların diasporlarının nümayəndələri, iş adamları, SƏK-də yaşayan həmvətənlərimiz və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının dövlət himnləri səsləndirilib.

Səfir Rasim Rzayev 99 il əvvəl Şərqdə qurulmuş ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən söhbət açıb, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra qazandığı uğurlar, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyev şəxsiyyətinin misilsiz xidmətləri və bu yolun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi islahatlar haqqında geniş məlumat verib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan Rasim Rzayev bildirib ki, münaqişə nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub və 1 milyondan çox soydaşımızın doğma yurd-yuvasından didərgin düşüb. O, beynəlxalq təşkilatlar çərçivəsində SƏK rəhbərliyi tərəfindən Azərbaycanın haqlı mövqeyinin daim dəstəkləndiyini, münaqişə ilə bağlı SƏK tutduğu prinsipial mövqeyi xüsusi qeyd edib.

Diplomat 1992-ci il fevralın 24-də diplomatik münasibətlərin qurulmasından əvvəl də Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında siyasi, mədəni, iqtisadi və digər sahələrdə əlaqələrin, həmçinin insanlararası bağlantıların olduğunu söyləyib. O, son 25 ildə hər iki ölkənin uğurlu sosial-iqtisadi inkişaf prosesi keçdiyini, Azərbaycanın ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində böyük nailiyyətlər əldə etdiyini və bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb. Müstəqilliyimizin ilk günlərindən Səudiyyə Ərəbistanı ilə dostluq əlaqələrinin və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinin ölkəmizin xarici siyasətinin prioritetlərindən biri olduğunu qeyd edən səfir ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Ziyafətlə davam etdirilən mərasim ərəbdilli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

DİGƏR Xəbərlər Arxiv