Xəbərlər
“Eurasia Hoy” xəbər portalında Azərbaycan Xalq Cümhuriyyəti və Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciəti haqda məqalə dərc edilib
Amerikanın ispandilli “Eurasia Hoy” xəbər portalında beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin “Azərbaycanda Respublika Gününün bayram edilməsi” sərlövhəli məqaləsi dərc edilib (http://eurasiahoy.com/13082014-azerbaiyan-celebra-el-aniversario-del-dia-de-la-republica/). Məqalənin müəllifi Şərqdə ilk müsəlman demokratik respublikasının yaradılması tarixindən söhbət açır.
Müəllif Azərbaycan Xalq Cümhuriyyətinə (AXC) xas olan plüralizm, demokratiya, ölkənin siyasi həyatında bütün siyasi partiyaların və etnik qrupların, o cümlədən ermənilərin də iştirak etməsi, habelə qadın cinsinin nümayəndələri də daxil olmaqla ölkə vətəndaşlarına ümumi seçki hüququ verilməsi faktı barədə məlumat verir. Amerikalı ekspert qeyd edir ki, Azərbaycanda qadınlar Birləşmiş Ştatlarda və Böyük Britaniyadakı qadınlardan daha əvvəl səsvermə hüququna malik olublar.
P.Teyz daha sonra Prezident İlham Əliyevin AXC-nin yaradılmasının 96-cı ildönümü münasibətilə Azərbaycan xalqına müraciətinin müəllif tərəfindən ispan dilinə tərcümə edilmiş mətnini ABŞ-da və Latın Amerikası ölkələrində yaşayan milyonlarla ispandilli oxucuya təqdim edir.