Xəbərlər
Aprel ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana gələn turistlərin sayında 23 faiz artım olub
Aprel ayı ərzində ölkəmizə 187 min 577 turist gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz artım var. Mayın ilik on günündə isə Azərbaycana 70 min 776 turist gəlib və 15 hədəf ölkə üzrə keçən ilin müvafiq dövrünə nisbətən 32 faiz artım olub.
Azərbaycan tarixində ilk dəfə təşkil edilən Bakı Şopinq Festivalı müddətində 205 mağaza iştirakçı kimi qeydiyyatdan keçib və onlardan 172-si ƏDV qaytarmaq proqramına qoşulub.
Bu rəqəmlər Bakı Şopinq Festivalının yekunlarına həsr olunmuş mətbuat konfransında səsləndirilib.
Bildirilib ki, festivalın “Tax Free” sistemi çərçivəsində 23 min 242 ədəd hesab faktura verilib. Təsdiqlənmiş fakturalar üzrə ümumi dövriyyə 18 milyon 167 min 892 manat olub və banklar alıcılara 1 milyon 800 min manat məbləğində ƏDV qaytarıb. Festival aylığı ərzində alıcılar 30-70 faiz arası endirimlərdən və satış kompaniyalarından faydalanıblar. Festival iştirakçılarından əldə edilmiş məlumatlara görə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin aprelində premium geyim və aksesuarlar mağazalarında 15 faizədək, kütləvi geyim brendlərinin satışını həyata keçirən mağazalarda 46 faizədək, elektronika və məişət avadanlıqlarının satışını həyata keçirən mağazalarda isə 200 faizədək satış həcminin artması qeydə alınıb.