Xəbərlər
Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar Pekində konsert təşkil edilib
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və Azərbaycan-Çin diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü ilə əlaqədar Pekində konsert təşkil edilib.
Ölkəmizin Pekindəki səfirliyinin və Çin Mərkəzi Konservatoriyasının birgə təşkil etdiyi konsertdən əvvəl çıxış edən Azərbaycanın Çindəki müvəqqəti işlər vəkili Mətin Mirzə görkəmli dövlət xadimi Heydər Əliyevin müasir Azərbaycan tarixindəki böyük xidmətlərindən danışıb.
Diplomat hələ təməli İpək yolu dövründən qoyulan ikitərəfli münasibətlərimizin Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra yeni müstəviyə qədəm qoyduğunu, əlaqələrimizin hazırda bütün sahələrdə uğurla inkişaf etdiyini deyib.
Sonra səhnə musiqiçilərin ixtiyarına verilib. Çin Mərkəzi Konservatoriyasının konsert zalında təşkil olunan gecədə Bakı Musiqi Akademiyasının prorektoru, Xalq Artisti Yeganə Axundova Fikrət Əmirovun, Qara Qarayevin, Cövdət Hacıyevin, Vaqif Mustafazadənin, Fərhad Bədəlbəylinin və başqalarının əsərlərini yüksək ustalıqla ifa edib.
Konsertdə Əməkdar Artist, tarzən Ələkbər Ələkbərov, Əməkdar Artist, kamança ustası Elşən Mansurov və Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti Ehtiram Hüseynovun təqdimatında səslənən muğamlarımız tamaşaçıların, sözün əsl mənasında, zövqünü oxşayıb. Tamaşaçıların sürəkli alqış sədaları altında davam edən konsert həm də Çinli musiqisevərlərin Azərbaycan musiqisi ilə daha yaxından tanış olmalarına imkan yaradıb. Konsert zəngin musiqimizin dünyada tanıdılması baxımından növbəti uğurlu bir addım olub.