YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır

“Azərbaycan mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün praktiki addımlar atır. Hər il Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum və digər bu kimi böyük beynəlxalq tədbirlərə ev sahibliyi edən Bakı şəhəri artıq “Humanitar Davos” adını qazanmışdır. 2016-cı ildə biz Yaxın Şərq və Afrika ölkələrindən Avropaya pənah aparan miqrantların necə aqressiv qarşılandığının, islamofob meyillərin açıq şəkildə özünü büruzə verdiyinin şahidi olduq. Belə vəziyyətdə Azərbaycan 2016-cı ili “Multikulturalizm ili” elan edərək bir daha dünyaya göstərdi ki, müxtəlif dinlərin, millətlərin, etnik qrupların nümayəndələri bir ölkədə, eyni səma altında rahat, ləyaqətlə yaşaya bilərlər. Biz nəinki ölkə daxilində etnoslararası, dinlərarası münasibətləri ən yüksək səviyyədə tənzimləyirik, həm də dünyaya tolerantlıq və multikulturalizmin mütərəqqi modelini təqdim edirik”. Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının rəsmi mətbuat orqanı olan “OIC Journal” jurnalında “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsində yer almışdır.

Prezident İlham Əliyevin məqaləsində qeyd olunur ki, Həm Avropa Şurasına, həm də İƏT-ə üzv olan nadir ölkələrdən biri kimi Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə əməli töhfə verir. Məlum olduğu kimi, 2008-ci ildə Bakıda Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısı keçirilmiş və həmin tədbirə həm də İƏT nümayəndələri dəvət olunmuşlar. 2009-cu ildə isə İƏT-ə üzv ölkələrin nazirlərinin Bakıda keçirilən toplantısına Avropa Şurası ölkələrinin nazirləri də dəvət edilmişdir. Hesab edirəm ki, bu, dünya miqyasında çox mühüm hadisə olmuş və layiqli şəkildə sivilizasiyalararası dialoqun “Bakı prosesi” kimi tarixə düşmüşdür.

“2015-ci ildə Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etmiş və bu mühüm idman bayramını Yay Olimpiya Oyunları səviyyəsində keçirmişdir. Bu il isə Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Qısa müddət ərzində Avropa və İslam Həmrəyliyi Oyunlarının bir-birini əvəzləməsi rəmzi məna daşıyır və Azərbaycanın sivilizasiyaların, dinlərin dialoq məkanına, iqtisadi və mədəni körpüyə çevrildiyini göstərir. Biz bu nadir mövqeyimizi dünyada sülhün, multikulturalizmin, dözümlülüyün bərqərar olması naminə istifadə edirik.

Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. “İslam Həmrəyliyi İli”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. Hesab edirəm ki, bu ilin mayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaqdır” – deyə, Prezident İlham Əliyev qeyd etmişdir.