Xəbərlər
Urxan Ələkbərov: Azərbaycanın son onillikdə qazandığı nailiyyətlər Prezident İlham Əliyevin tətbiq etdiyi unikal idarəetmə texnologiyalarının nəticəsidir
«Azərbaycan Respublikasının son onillikdə qazandığı nailiyyətlər Prezident İlham Əliyevin tətbiq etdiyi unikal idarəetmə texnologiyalarının nəticəsidir. Dövlət inkişaf proqramlarının milli proqramlara transformasiyası, onların reallaşdırılmasında dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin və özəl sektorun fəal iştirakı bu texnologiyaların vacib elementləridir». Bu fikirləri Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov YAP-ın təşkilatçılığı ilə keçirilən «Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası» mövzusunda konfransda deyib.
U.Ələkbərov bildirib ki, Azərbaycan Respublikasının müstəqilliyinin yeni mərhələsində həyata keçirtdiyi xarici və daxili siyasət əsasən ölkə vətəndaşlarının rifahının yüksəldilməsi və təhlükəsizliyinin təmininə yönəldilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev daim vurğulayır ki, iqtisadi inkişaf məqsəd deyil, sosial problemlərin həlli və təhlükəsizliyin təmin olunması üçün vasitədir. 25 illik tarixi olan müstəqilliyin bərpasının ilk mərhələlərində ölkədə əsas sosial məqsəd kimi yoxsulluğun azaldılması məsələsi gündəmdə idi. Onun sözlərinə görə, ölkədə uğurla həyata keçirilən siyasətin nəticəsi olaraq yoxsulluq ilə mübarizədə qısa bir zaman kəsiyində yüksək və səmərəli nəticələr əldə edilmisdir.
«Azərbaycan Respublikası müstəqilliyini 25 il öncə bərpa edib. Ölkə müstəqilliyinin ilk illərini çox ağır durumda keçirib və bu gün də erməni silahlı qüvvələrinin aqressiyası, ərazilərinin 20 faizinin işğalı ilə bağlı olayların təsiri altındadır. Buna baxmayaraq, Azərbaycan Respublikası qısa dönəmdə innovativ davamlı inkişaf siyasəti reallaşdırmağa müvəffəq olub. Beynəlxalq qurumlar və müstəqil ekspertlərin sənədləri bu faktın aşkar təsdiqidir. Bütün bu uğurların təməlində isə heç şübhəsiz Ulu öndərin ideyaları bərqərar olub»- deyə, U.Ələkbərov qeyd edib.