YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Ölkəmiz daha qətiyyətli və yüksək sıçrayışa hazırlaşır və dərin islahatlar konsepsiyası məhz bu amala xidmət göstərir

«Azərbaycan yeni islahatlar mərhələsinə qədəm qoymuşdur və Prezident İlham Əliyev onu dərin islahatlar kimi səciyyələndirmişdir. Yeni islahatların zərurəti hər şeydən əvvəl inkişafın tədrici xarakterindən və islahatların sosial hadisə kimi təbiətindən qaynaqlanır. Hər bir islahat müəyyən tarixi çərçivəni əhatə edir və mütləq şəkildə onu yeni islahat əvəzləyir». Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov YAP-ın təşkilatçılığı ilə keçirilən  «Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası» mövzusunda konfransda deyib.

Əli Əhmədov bildirib ki, yeni islahatın başlaması əvvəlkinin başa çatması deməkdir və tərəqqinin davamlı təbiəti yeni islahat dalğasını qaçılmaz edir. Bu mənada yeni islahat əslində inkişafın yeni mərhələsinə hədəflənmiş ictimai davranışın başlanması kimi qavranılır. Onun sözlərinə görə, Azərbaycanda dərin islahatlar konsepsiyasının elan edilməsi yeni, daha qətiyyətli ictimai tərəqqi naminə böyük ictimai hərəkatın başlanması qismində qəbul edilməlidir. Başqa sözlə ifadə etsək, ölkə daha qətiyyətli və yüksək sıçrayışa hazırlaşır və dərin islahatlar konsepsiyası məhz bu amala xidmət göstərir.

«Növbəti islahatların aparılmasına səbəb olan digər ictimai ehtiyac qlobal iqtisadi və sosial dəyişikliklərlə birbaşa əlaqədardır. Azərbaycanın beynəlxalq iqtisadi və siyasi inteqrasiyası prosesinin dərinləşməsi obyektiv olaraq onun qlobal dəyişikliklərə həssaslığını ciddi şəkildə artırmışdır. Davamlı beynəlxalq iqtisadi və maliyyə böhranı, dünyanın siyasi və geopolitik nizamının dəyişməsi meyillərinin güclənməsi Azərbaycanda adekvat davranış modelinin seçilməsini qaçılmaz edir. Dünya bazarında neftin qiymətinin 2 dəfədən çox ucuzlaşması bütün karbohidrogen ixrac edən ölkələr kimi, Azərbaycanın da milli gəlirlərinin kəskin şəkildə azalması ilə nəticələndi. Bunun yan təsiri milli valyutanın məzənnəsinin kəskin dərəcədə aşağı düşməsində və digər sosial-iqtisadi xarakterli proseslərdə müşahidə olunmaqdadır. Bu şərtləri diqqətə alan və yeni inkişaf imkanlarını aşkara çıxarmağa hədəflənmiş sosial-iqtisadi modelin yaradılması tarixi zərurətə çevrilmişdir.

Hər bir islahat konkret vəzifələrə xidmət göstərir və müəyyən yüksəliş maksimumuna malikdir. Bütün dövrlər üçün, ədədi inkişaf modeli mövcud deyil. Azərbaycanda iyirminci yüzilliyin sonlarında Ümummilli Lider Heydər Əliyevin və iyirmi birinci yüzilliyin əvvəllərində Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar qarşısına qoyulmuş vəzifələri dolğun şəkildə həyata keçirə bildi. Ölkə möhtəşəm transformasiya dövrünü yaşadı, iqtisadi cəhətdən gücləndi, yeniləşdi və müasirləşdi. Həmin dövr üçün tətbiq olunan model özünün inkişaf imkanlarını bütünlüklə nümayiş etdirdi. Azərbaycan artıq daha yüksək inkişafa hazırdır və bu inkişaf yeni islahat, yeni ictimai-iqtisadi həyat modeli sayəsində reallaşmalıdır.

Dərin islahat konsepsiyasının işlənib hazırlanması və tətbiqi ölkənin inkişafını daha yüksək pilləyə çatdırmaq məqsədlərinə xidmət göstərir. Son on ilin yüksək inkişaf dinamikası növbəti mərhələlərin əsas hədəflərini müəyyənləşdirmişdir. Yeni transformasiya daha yüksək pillədə qərar tutan modernləşmə, daha cazibədar iqtisadi fəaliyyət və fəallıq mühiti, daha ahəngdar sosial münasibətlər sistemi təmin etmək istiqamətində səylərin məcmusu formasında təsəvvür edilə bilər. Əsas hədəf Azərbaycanın rəqabət qabiliyyətinin daha da artırılması, müasir istehsal texnologiyalarının və idarəetmə metodlarının uğurla tətbiq edilməsi, insana daha əlverişli yaşamaq və işləmək şəraitinin təmin edilməsidir»- deyə, Əli Əhmədov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv