Xəbərlər
Nassir Abdulaziz Al-Nasser: “Bakı prosesi” artıq bir platformaya çevrilib
“Bakı prosesi” artıq bir platformaya çevrilib. Bu platformanın artıq bir çox ölkədə mədəniyyətlərarası dialoqa, inklüziv cəmiyyətə rəvac verən bir prosesə çevrildiyini qeyd etməliyik. Sivilizasiyalar Alyansı bu təşəbbüsü ilk vaxtdan dəstəkləməyə qərar vermişdir. Öz növbəsində bunun xalqlar arasında, müxtəlif cəmiyyətlərdə, bir çox ölkələrdə müxtəlifliyə, dialoqa, eləcə də qarşılıqlı anlaşmaya töhfə verən bir proses olduğuna inanırıq.
Bu fikirləri IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışında BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser söyləyib.
Ali nümayəndə vurğulayıb ki, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi də xüsusi əhəmiyyətə malikdir. Forumun məqsədi insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanları axtarmaqdan ibarətdir. Forumun plenar sessiyalarında da insan hüquqları, sülh, təhlükəsizlik, davamlı inkişaf, qarşılıqlı anlaşma müzakirələrimizin əsas mövzuları olacaq. Biz bunları ayrı-ayrılıqda həyata keçirdikdə istədiyimiz məqsədlərə nail ola bilməyəcəyik. Bu məsələlərə kompleks yanaşılmalıdır.