YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TAP-ın inşası üzrə Yunanıstanda boruların 200 kilometrdən çoxu qaynaqlanıb

“Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşası çərçivəsində Yunanıstanda boruların 200 kilometrdən çoxu qaynaq edilib.

Boru kəmərinin 550 kilometrlik Yunanıstan hissəsinin tikintisi üçün lazım olan 32 min borunun təqribən 66 faizi tikinti sahələrinə çatdırılıb. Yunanıstanda TAP kəməri marşrutu üzrə 270 kilometr ərazi təmizlənib, 234 kilometr borular xətt boyunca düzülüb. Boruların 203 kilometri qaynaq edilib.

Eyni zamanda, 165 kilometr uzunluğunda xəndək qazılıb, 134 kilometr borular xəndəyə endirilib. 115 kilometr borular isə qaynaqlandıqdan sonra torpaq altına basdırılıb. Xətt boyunca 21 kilometr sahə isə tamamilə əvvəlki vəziyyətinə gətirilib.

Hazırda Yunanıstanda layihə üzrə 2 min 500 nəfər çalışır. Onlardan 400-ü arxeoloq və bu sahədə ixtisaslaşmış işçilərdir. 176 yunan şirkəti artıq layihənin həyata keçirilməsinə cəlb olunub.

TAP-ın təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. “Trans-Adriatik” qaz boru kəmərinin tikintisi üzrə işlərin təxminən 40 faizi icra olunub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır. Artıq layihə üzrə Yunanıstan və Albaniyadakı kompressor stansiyalarının tikintisinə başlanılıb. Boru kəmərinin inşası üzrə Albaniyada 70 kilometrdən çox, Yunanıstanda isə 203 kilometr boru qaynaq edilib.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək.

Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan–550 kilometr, Albaniya–215 kilometr, Adriatik dənizi–105 kilometr, İtaliya–8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə-37 düym). Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 12 min, Adriatik dənizi hissəsində 8 min 750, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), “Cənub Qaz Dəhlizi” QSC (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).