Xəbərlər
Əli Əhmədov: Qazanılan təcrübə bütövlükdə Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə imkan verəcək
Bir neçə ayın təcrübəsi onu deməyə əsas verir ki, icbari tibbi sığorta layihəsi uğurla həyata keçirilir. Pilot layihənin bir il ərzində reallaşdırılması nəzərdə tutulub. Qazanılan təcrübə bütövlükdə Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə imkan verəcək.
Bunu mayın 3-də Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Əli Əhmədov bildirib ki, layihənin icrası zamanı hər hansı çatışmazlıq ortaya çıxarsa, aradan qaldırılmaq imkanımız olacaq. Artıq vətəndaşlar layihəyə inamla yanaşırlar. Vaxtilə müalicə ala, xəstəxanaya gələ bilməyən insanlar bu gün artıq rahat şəkildə səhiyyə müəssisələrinə, həkimlərə müraciət edirlər. O deyib: “Onlara ixtisaslı həkimlər tərəfindən yardım göstərilir. Yerlərdə yardımların göstərilməsi mümkün olmadıqda vətəndaşlara Gəncədə və Bakıda müəyyən səhiyyə müəssisəsində icbari tibbi sığorta əsasında kömək göstərilir. İcbari tibbi sığortanın həyata keçirilməsi məqsədilə Azərbaycanın iki bölgəsində pilot layihələr reallaşdırılır. Fevralın 1-dən etibarən bu layihələr icra edilir”.