YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır

“Bu gün doğum gününü qeyd etdiyimiz ümummilli lider Heydər Əliyev artıq 14 ildir ki, aramızda yoxdur. Lakin onun ideyaları, siyasi irsi, yaratdığı dövlətçilik məktəbi, Ulu Öndərin şah əsəri olan, uğrunda mübarizə apardığı, ağır faciələrdən, siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan xilas etdiyi müstəqil və demokratik Azərbaycan inkişaf edir, yeni uğurlar qazanır, Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır.” Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mayın 3-də “Heydər Əliyev – dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda ümumrespublika konfransında söyləyib.

Əli Həsənov qeyd edib ki, Ümummilli Lider öz gərgin və mənalı siyasi həyatı boyunca bir çox ilklərə imza atmışdır: “Təbii ki, bu ilklərin ən əsası təməlini qoyduğu, qurucusu olduğu müstəqil dövlətimizdir. Azərbaycan dövlət müstəqilliyini rəsmən 1991-c ilin oktyabrında bərpa etsə də, əslində bu müstəqilliyə gedən yolun təməli ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1970-ci illərdə qoyulmuşdu. Məhz o illərdə Azərbaycan dotasiya ilə yaşayan müttəfiq respublikadan özünü tam təmin edə bilən qabaqcıl respublikaya çevrilmiş, ölkənin iqtisadi suverenliyinə zəmin yaradılmış, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi həyata keçirilmiş, dənizdə neft hasilatı genişləndirilmiş, müasir elektron cihazlar, soyuducular, kondisionerlər istehsalı, eyni zamanda, iri xalçaçılıq, alüminium kombinatları istifadəyə verilmiş, elektrik enerjisinin yeni istehsal gücləri yaradılmışdır. Ölkə ərazisində çoxlu sayda neftayrıma, kimya sənayesi, pambıqtəmizləmə, şərab emalı zavodları istifadəyə verilmiş və beləliklə, Azərbaycan metropoliyanın xammal əlavəsi olmaqdan qurtularaq xammaldan son məhsul buraxılışınadək bütöv istehsal zəncirinə malik respublikaya çevrilmişdir. Müxtəlif bölgələrdə inşa edilmiş yeni hava limanları, nəqliyyat qovşaqları bu gün də xalqımıza xidmət edir. Azərbaycanın region və dünyanın nəqliyyat mərkəzlərindən birinə çevrilməsində o illərdə qurulmuş nəqliyyat şəbəkəsinin də rolu var.”

“Ümummilli Liderin sovet dövründə ən böyük təşəbbüslərindən biri dövlət aparatının milliləşdirilməsi, Azərbaycanın yeni idarəçi kadrlarının, eyni zamanda, elm, mədəniyyət və ədəbiyyat xadimlərinin bütöv bir nəslinin yetişməsi, himayə edilməsi olmuşdur. 1970-1980-ci illərdə Azərbaycanda ali məktəblərin, onların fakültə və ixtisaslarının sayı artmış, eləcə də Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə gənc Rusiya və Ukraynanın ali məktəblərində təhsil almağa göndərilmişdir. Məhz Heydər Əliyevin respublikanı idarə etdiyi 1970-1980-ci illərdə azərbaycanlı hərbçi kadrların yetişdirilməsinə xüsusi diqqət ayrılmış, Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması ilə sovet ordusu sıralarında azərbaycanlı zabitlərin çəkisi artmışdır ki, həmin zabitlər sonradan milli ordu quruculuğunda mühüm rol oynamışlar.”-deyə, Əli Həsənov bildirmişdir.