Xəbərlər
Hikmət Babaoğlu: AŞPA da daxil olmaqla, Avropa strukturları Qərb imperializminin struktur vahidləridir
«AŞPA da daxil olmaqla, Avropa strukturları Qərb imperializminin struktur vahidləridir və onun işğalçılıq siyasətinin həyata keçirilməsinə hüquqi və ideoloji yardım göstərirlər. Azərbaycan da AŞPA-ya üzv olduğu dövrdə qurumun ədaləttsiz, qərəzli mövqeyi ilə rastlaşıb». Bu fikirləri «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Hikmət Babaoğlu bildirib ki, Avropa strukturları əksər hallarda insan hüquq və azadlıqları kimi qlobal dəyərləri milli dövlətlərə qarşı silah kimi istifadə edirlər. Onun fikrincə, Türkiyənin timsalında biz bunun əyani şahidi olduq: «Türkiyə öz milli dövlətçiliyini qorumaq üçün, sərhədlərini təhdid edən terrorizmə qarşı mübarizə aparmaq üçün məhz BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə söykənərək özünümüdafiə aktını həyata keçirib. Suriyada və İraqda terrorçu məntəqələrini dağıdıb. AŞPA-nın səbrini daşıran sonuncu damla da bu oldu. Ona görə də, AŞPA-nın və digər Avropa strukturlarının son qərarlarına diqqət etsək görərik ki, 2003-ci ildən bu yana qədər onların qərarlarında iki fəlsəfə var: «Buraya islamafobiya və ksenafobiya daxildir. Müsəlman ölkələri olduğumuz üçün əksər hallarda bunu islamafobiyanın təzahürü kimi qəbul edirik. Amma digər ölkələrə münasibətdə etnik-millətçilik görürük ki, bu da ksenafobiyadır. Bunlardan əziyyət çəkən yerli parlament nümayəndələri AŞPA-da mübarizə aparmalıdırlar. Onların birliyi AŞPA-nın qərarlarında korrektə etməyə gətirib çıxara bilər».
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətini təqdir edən millət vəkili qeyd edib ki, bu hadisələr Türkiyə ilə bitmir. «Avropa imperializmi Yaxın Şərqdə idarəolunan xaos nəzəriyyəsini tətbiq etməklə müsəlman coğrafiyasının milli dövlətlərini yıxır və bu bölgədə etnik mühəndisliklə məşğuldur, süni şəkildə yeni etno-siyasi coğrafiya yaradır. Məsələ ondadır ki, imperializmin maşını var, onu dayandırmaq mümkün deyil. O maşın milli dövlətləri dağıda-dağıda gəlir və hamımızın gördüyü kimi ötən ilin iyul ayında hədəf Türkiyə idi. Amma Türkiyə cəmiyyətinin siyasi savadlılığı və vaxtında maarifləndirmə aprılması nəticəsində vətəndaşlar öz dövlətini qorudu. Bu hadisələr bir daha Azərbaycan və Türkiyə cəmiyyətlərini daim ayıq-sayıq olmağa vadar edir»- deyə, Hikmət Babaoğlu vurğulayıb.