YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ombudsman Şuşanın işğalının 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Şuşanın işğalının 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bəyanatda deyilir ki, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən çox müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri etnik təmizləmə, deportasiya və soyqırımı siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaq olub. XIX əsrin əvvəllərindən başlayaraq, tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülüb.

Ermənistan 1988-ci ildən başladığı növbəti hərbi təcavüz siyasəti nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ərazisini, eləcə də onun ətrafındakı yeddi rayonu işğal edib, beləliklə ölkəmizin 20 faiz ərazisi zəbt edilib, 20 mindən çox azərbaycanlı həlak olub, 50 min nəfər yaralanıb, minlərlə insan itkin düşüb, qadınlar, qocalar, uşaqlar əsir və girov götürülüb, amansız işgəncələrə məruz qalıb, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların hüquqları kütləvi şəkildə kobudcasına pozulub. Bu işğal zamanı erməni millətçiləri və terrorçuları Azərbaycanın Xocalı şəhərində, Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban kəndlərində və digər yaşayış məntəqələrində soyqırımları törədiblər.

Həmin işğalçılıq siyasətin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquqlarının kobudcasına pozulması ilə nəticələnən, Azərbaycanın tarixən mədəniyyət beşiyi sayılan, tarixi abidələrlə zəngin olan, dünyaya xalqımızın zəngin mədəni irsini tanıtdıran görkəmli şəxsiyyətlər, yazıçılar, şairlər, musiqiçilər bəxş etmiş Şuşa şəhərinin işğal olunmasından iyirmi beş il keçir.

1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri Şuşa şəhərini işğal edib, bu şəhərin müdafiəsi uğrunda aparılan döyüşlərdə yerli əhalidən 195 nəfər şəhid olub, 165-dən çox insan yaralanıb, 68 nəfər əsir düşüb və girov götürülüb. Erməni vandalları işğal zamanı burada minlərlə eksponatı olan muzeyləri talan edib, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıdıb, müqəddəs məbədgah və məscidləri təhqirlərə məruz qoyub, çoxlu sayda nadir əlyazma nümunələrini məhv edib, təhsil və səhiyyə ocaqlarını xarabazarlığa çeviriblər. 300 kvadrat kilometrədək ərazisi olan Şuşa şəhərində yaşayan 24 min 900 nəfər əhali işğaldan sonra məcburi köçkünə çevrilib.

Bildirilir ki, bu təcavüzün faciəvi nəticələri təkcə Azərbaycan ərazilərinin zəbt edilməsi ilə məhdudlaşmır. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı, Qarabağ dövlət tarix, xalq tətbiqi sənət və diyarşünaslıq muzeyləri, həmçinin Xan qızı, tanınmış sairə Xurşidbanu Natəvanın sarayı, Ağabəyim Ağanın qəsri, Şuşa qalası, Qarabağ xanlığı kompleksi, İbrahim Xəlil xanın mədrəsəsi, Cümə məscidi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının ekspozisiyaları dağıdılıb, talan olunub, kitabxanalar yandırılıb.

Yeri gəlmişkən, hələ 1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şuşa şəhərinin bir hissəsini Tarix-memarlıq qoruğu elan etmək haqqında qərar qəbul olunub, bənzərsiz təbiətə məxsus, istirahət və turizm mərkəzi kimi tanınan bu şəhərdə geniş abadlıq-quruculuq işləri aparılıb, Azərbaycan mədəniyyəti və incəsənətinin böyük simaları Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev-muzeyləri təşkil olunub, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi açılıb, bu dünya şöhrətli söz-sənət ustadlarının abidələri ucaldılıb.

Lakin işğal nəticəsində təkcə canlılara deyil, həm də abidələrə qəsd edən erməni millətçiləri Şuşa əhalisinə, xalqımıza mənəvi-psixoloji zərbə vurmaqla, insanlara güllə atmaqla kifayətlənməyib, Azərbaycan xalqının dünya şöhrətli korifey sənətkarlarının bu şəhərdəki heykəllərini də gülləboran ediblər.

Eyni zamanda, Şuşanın işğalından bir neçə gün sonra bu şəhərin Turşsu adlanan ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən erməni silahlı qüvvələri hücuma keçərək, 1992-ci il mayın 18-də Azərbaycanın ərazisi olan Laçın rayonunu da işğal edib, nəticədə uzun illərdən bəri qəsb etməyi planlaşdırdıqları Laçın dəhlizini ələ keçiriblər. Qeyd olunmalıdır ki, bu rayonun işğalı nəticəsində şəhər, qəsəbə və kəndlər, sənaye, kənd təsərrüfatı, səhiyyə, mədəni-maarif obyektləri, məktəblərlə yanaşı, 200-dən çox tarixi abidə, o cümlədən Ağoğlan məbədi, həmçinin xalq teatrı, tarix-diyarşünaslıq muzeyi də talan edilərək dağıdılıb.

Erməni millətçiləri mövcud cəzasızlıq şəraitindən yararlanaraq, çoxsaylı toponimlərimizi dəyişdirməklə, Şuşa şəhəri ətrafında yerləşən, qədim bürünc dövrünə aid yüzlərlə məzarda arxeoloji qazıntılar aparmaqla, beynəlxalq hüquq normalarını pozmaqla daha bir saymazyana münasibət nümayiş etdiriblər. Onlar zəbt olunmuş Azərbaycan ərazilərində məzarları sökür, qəbirüstü abidələri qarət edir, işğal zonasındakı məbədləri talan edirlər.

Ermənistan Respublikası bütün dünyanın gözü qarşısında Azərbaycanın unikal mədəni sərvətlərini kütləvi şəkildə məhv etməkdə davam edir. Belə ki, respublikamızın işğal edilmiş ərazilərində 927 kitabxana, dünya və ölkə əhəmiyyətli 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılıb. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanıb. Bir sıra tarix diyarşünaslıq muzeyləri yerlə yeksan olunub, qızıl və gümüş zinət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar, digər qiymətli eksponatlar Ermənistana daşınıb. Şuşadakı məşhur tarix muzeyinin də taleyi belə olub.

Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyasının və Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında Paris Konvensiyasının müddəalarını kobudcasına pozan Ermənistan Respublikası Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.

Zəngin folklor, musiqi, ədəbiyyat nümunələrimizi ardıcıl və sistemli şəkildə mənimsəyən erməni millətçiləri əslində işğalçılıq müharibəsini həm də mədəni sərvətlər müstəvisində genişləndirir, Azərbaycan bəstəkarlarının əsərlərini, xalq mahnı və rəqslərimizi də özününküləşdirirlər. Ermənistanın hüquqazidd əməlləri ilə bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatına dəfələrlə müraciət olunub.

Təəssüf ki, bu işğalçılıq və terrorçuluq siyasəti uzun illərdən bəri dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki beynəlxalq hüquq normalarına görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir və ərazi bütövlüyünün, suverenliyin pozulması yolverilməzdir.

Bəyanatda vurğulanır ki, Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ ərazisi üzərində yurisdiksiyası BMT, ATƏT, Avropa Şurası, habelə digər nüfuzlu beynəlxalq təşkilatlar və bütün dövlətlər tərəfindən dəfələrlə təsdiq edilib. Lakin Ermənistan Respublikası beynəlxalq hüquq normaları və dünya birliyinin mövqeyi ilə hesablaşmır.

Zəbt olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası ölkəmizin işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd məlum qətnamə, BMT Baş Məclisi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnamə, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 saylı qətnamə və 1690 saylı tövsiyə, həmçinin Avropa Parlamenti Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü ildə qətnamə qəbul etsələr də, Ermənistan bunları hələ də yerinə yetirmir. Halbuki bu qətnamələrdə birmənalı olaraq, Ermənistandan öz hərbi qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən çıxarması, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan yaratması tələb olunub.

Ermənistan Avropa Şurasına üzv qəbul olunarkən Parlament Assambleyasının 221 saylı Rəyi əsasında öz üzərinə bir sıra öhdəliklər götürüb, Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yollarla nizamlamaq üçün səyləri davam etdirmək, beynəlxalq və yerli mübahisələri, qonşulara qarşı hər hansı güc tətbiqinə və hədələməyə yol vermədən, dinc vasitələrlə və beynəlxalq hüququn prinsipləri əsasında həll etmək öhdəliyini götürüb. Lakin erməni tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirərək, bu öhdəliklərə əməl etmir, regionda sülhün bərqərar olmasına maneçilik törədir, atəşkəs rejimini mütəmadi olaraq pozur.

Belə ki, 2016-cı il aprel ayının ilk günlərində Azərbaycanın işğal olunmuş ərazilərindən və Ermənistan Respublikası ərazilərindən erməni silahlı qüvvələri tərəfindən qəflətən iri miqyasda Azərbaycan Respublikasının əraziləri, cəbhəyanı bölgələrdə mülki əhalinin yaşadığı çoxsaylı yaşayış məntəqələri, məktəblər və digər sosial obyektlər, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunlarının təmas xətti boyunca mövqeləri ağır artilleriyadan, iri çaplı silahlardan intensiv atəşə məruz qalıb. Nəticədə dinc əhali, o cümlədən uşaqlar, qadınlar və ahıllar həlak olub və ağır yaralanıblar. Bu təxribatlar nəticəsində beynəlxalq sənədlərin, o cümlədən Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozulub, bu da ölkəmizə səfər edən xarici jurnalistlər tərəfindən də müşahidə edilib.

Bütün bunlar XXI əsrdə, yüksək mədəni inkişaf səviyyəsinə malik dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Qətiyyətlə bildiririk ki, hər bir vandalizm, separatçılıq, milliyyətçilik, terrorizm aktlarına hüquqi-siyasi qiymət verilmədikcə, bütün bəşəriyyət təhlükə qarşısında qalacaqdır.

Son dövrlər dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini getdikcə daha çox dəstəkləyir, problemin beynəlxalq hüquq normaları çərçivəsində dinc vasitələrlə həll edilməsində maraqlıdır. Yeri gəlmişkən, artıq 14 dövlətin parlamentləri ermənilər tərəfindən 26 fevral 1992-ci il tarixdə törədilmiş Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanımışlar. Habelə ABŞ-ın artıq 21 ştatının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunub.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) kimi bunları nəzərə alaraq, bəyan edirəm ki, Ermənistan Respublikası tərəfindən ölkəmizin ərazi bütövlüyünün pozulması, əzəli torpaqlarımızın işğalı, həm də dünya mədəniyyətinin inciləri, misilsiz sivilizasiya nümunələri sayılan memarlıq abidələrinin dağıdılması və mənimsənilməsi, insan hüquqlarının, o cümlədən mədəni hüquqların kütləvi şəkildə, kobudcasına pozulması beynəlxalq hüquq normalarına və prinsiplərinə tamamilə ziddir.

“Ədalətin tezliklə bərqərar olması, zəbt olunmuş torpaqların, o cümlədən Şuşanın qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün, bir milyon qaçqın və məcburi köçkün soydaşımızın kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa edilməsi, əsir və girovların azad olunması, cinayətkarların cəzasız qalmaması naminə beynəlxalq təşkilatları haqlı mövqeyimizi dəstəkləməyə çağırırıq.

Ümid edirik ki, qədim mədəniyyət ocağı və tolerantlıq məkanı olan Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsində bütün nüfuzlu beynəlxalq qurumlar, sülhməramlı insanlar imkanlarını səfərbər etməklə səylər göstərəcək, uzun illərdir Azərbaycana qarşı davam edən təcavüz siyasətinə son qoyulacaq, hər hansı bir zəmində ayrı-seçkiliyə yol verilmədən hər bir kəsin ümumbəşər miqyasda tanınmış fundamental insan hüquq və azadlıqlarının, o cümlədən mədəni hüquqlarının təmin olunması üçün real imkanlar yaranacaq, ölkəmizdə və bütövlükdə regionda sülh, davamlı inkişaf və işgüzar əməkdaşlıq naminə zəruri şəraitə nail olunacaqdır”,- deyə bəyanatda vurğulanır.

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, UNESCO-ya, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

DİGƏR Xəbərlər Arxiv