YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

BSU və YAP Gənclər Birliyinin təşkilatçılığı ilə «Heydər Əliyev və Azərbaycan gəncliyi» mövzusunda elmi konfrans keçirilib

Bu gün Bakı Slavyan Universiteti və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə «Heydər Əliyev və Azərbaycan gəncliyi» mövzusunda magistrant, doktorant və gənc tədqiqatçıların elmi konfransı keçirilib. Tədbir Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunub. Konfransda dövlət nümayəndələri, Milli Məclisin deputatları, bir sıra ölkələrin Azərbaycandakı səfirləri, KİV rəhbərləri, elm adamları, tələbə-gənclər iştirak ediblər.

Konfrans dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Mərasimi giriş sözü ilə açan BSU-nun rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva tədbirin əlamətdar günə təsadüf etdiyini deyib. Aprelin 28-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünün tamam olduğunu deyən N.Əliyeva Zərifə xanımın mənalı ömür yolu ilə bağlı fikirləri bildirib.

N.Əliyeva qeyd edib ki, Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri gənc nəslə diqqət və qayğının artırılması, respublikamızın ictimai-siyasi həyatında onların fəal iştirakının təmin olunması, yeni nəslin gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit şəraitin yaradılması olub. Təhsilə və elmə yiyələnməyin vacibliyini vurğulayan rektor gənclərin mənəvi tərbiyəsinin qarşıda duran əsas vəzifələrdən biri olduğunu qeyd edib.

YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov çıxışında dövlətçiliyin inkişafında gənclərə xüsusi önəm verildiyini bildirib. O, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasətinin Azərbaycan Prezidenti tərəfindən uğurla həyata keçirildiyini qeyd edib.

Konfransda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Dövloət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev və başqaları Ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən sağlam düşüncəli yeni nəslin yetişdirilməsi istiqamətindəki misislsiz xidmətlərindən danışıblar.