YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Azərbaycan tolerantlığa və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir

Finlandiyada səfərdə olan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin Təhsil və Mədəniyyət Nazirliyinin mədəniyyət məsələləri üzrə nazir müavini xanım Zabrina Holmström ilə görüşüb.

Azərbaycan nümayəndə heyətinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Milli Məclisin deputatı Cavanşir Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov daxildir.

Zabrina Holmström bu görüşün ölkələrimiz üçün səmərəli olacağına inandığını deyib. O, Finlandiyanın mədəniyyət sahəsində siyasəti, bölüşdüyü dəyərlər və həyata keçirdiyi işlər barədə qonaqlara ətraflı məlumat verib.

Finlandiya rəsmisi irqçilik və terrorizm məsələləri kimi çağırışların bu gün dünyanın ən böyük problemləri olduğunu qeyd edib. Buna baxmayaraq, Finlandiyada fərqli dinlərin təmsilçilərinin dövlət tərəfindən dəstəkləndiyini bildirən nazir müavini bu gün xalqlar arasında mədəni əlaqələrin, dinlərarası dialoqun müxtəlif problemlərin həlli üçün açar rolunu oynadığını vurğulayıb. O, bu baxımdan görüşün iki ölkə arasında müvafiq sahədə fikir mübadiləsi aparılması üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Dövlət müşaviri Kamal Abdullayev bu səfərin dünyanın bir çox yerlərində terror aktlarının baş verdiyi bir zamanda reallaşdığını vurğulayaraq bu kimi halları pisləyib. Dünya ölkələrinin gələcəkdə belə hadisələrin qarşısını almaq üçün birgə iş aparmalı olduğunu deyən Kamal Abdullayev dini dözümlülüyün və tolerantlığın bu iş üçün vacibliyini qeyd edib.

Helsinkidə keçiriləcək “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda konfransın məqsədi barədə məlumat verən Kamal Abdullayev ölkəmizin multikulturalizm, dini dözümlülük və tolerantlıq ənənələrindən söz açıb. O, multikultural təhlükəsizliyin mahiyyəti barədə danışaraq müxtəlif etnik və dini müxtəlifliklərin Azərbaycanın zənginliyi olduğunu bildirib və bu müxtəlifliyin qorunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığını və bu istiqamətdə böyük işlər görüldüyünü diqqətə çatdıran Dövlət müşaviri ölkəmizdə müxtəlif konfessiyaların, dinlərin, millətlərin və dillərin təmsilçilərinə yanaşmada bərabər siyasətin yürüdüldüyünü vurğulayıb.

Azərbaycanda əsrlərdən bəri multikultural dəyərlərin son dərəcə önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını deyən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı xalqımızın bu ənənələrinin tarixi keçmişimizdən, mental dəyərlərimizdən qaynaqlandığını bildirib. Rəhbərlik etdiyi qurumun fəaliyyəti, Azərbaycandakı dini durum və dövlət-din münasibətləri barədə ətraflı məlumat verən Mübariz Qurbanlı deyib ki, ölkəmizdə müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər və buna görə bu gün Azərbaycan tolerantlığa və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdəki dini dözümlülük və tolerantlıq ənənələrindən söz açıb. Azərbaycanda bütün dinlərə hörmətlə yanaşıldığını deyən şeyxülislam bunun bir çox dünya ölkələrində təəccüblə qarşılandığını, lakin ölkəmizdə adi bir hal olduğunun bildirib. Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan dövləti ölkədə yaşayan xalqların milli müxtəlifliyini və mədəni dəyərlərini qoruyur və ölkə daxilində insanların qardaşlıq şəraitində yaşaması üçün qarant rolunu oynayır. Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətin mahiyyətindən danışan şeyxülislam Azərbaycanın multikulturalizm dəyərlərinin dünya ölkələrində təbliğ olunması üçün Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi, Prezidentin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi barədə danışıb.

Milli Məclisin deputatı Cavanşir Paşazadə Azərbaycanla Finlandiya arasında daha sıx əlaqələrin qurulmasında bu səfərin əhəmiyyətini vurğulayıb. Ölkələrimizin eyni dünyəvi dəyərləri bölüşdüyünü qeyd edən Cavanşir Paşazadə bunu nəzərə alaraq parlamentlərarası sıx dialoqun qurulmasının önəmini diqqətə çatdırıb.

Görüşün sonunda Azərbaycan nümayəndə heyəti Zabrina Holmströma ölkəmizin multikultural və tolerant mədəniyyətini əks etdirən müxtəlif kitablar və hədiyyələr təqdim edib.

DİGƏR Xəbərlər Arxiv