Xəbərlər
Kamal Abdullayev: Azərbaycan multikulturalizminin qaynaqları öz zənginliyi ilə diqqət çəkir
«Azərbaycan xalqının ədəbi-bədii, ictimai-siyasi və elmi-fəlsəfifikir tarixində multikultural və tolerant əhvalın əsrlər boyu formalaşan və konkret nümunələrdə yaşayan təzahürləri çoxşaxəli və rəngarəng olmuşdur». Bu fikri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev deyib.
K.Abdullayev bildirib ki, bu baxımdan Azərbaycan multikulturalizminin qaynaqları öz zənginliyi ilə diqqət çəkir. Onun sözlərinə görə, bu zənginlik multikultural və tolerant yaşam tərzinin xalqımıza əsrlərdən bəri xas olduğunu sübut edir.
«Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib. Azərbaycan multikulturalizminin qədim və zəngin qaynaqlarının öyrənilməsi nəticəsində ədəbiyyatımızın, fəlsəfəmizin, publisistikamızın, mədəniyyətimizin görkəmli nümayəndələrini, elm adamlarımızı, dövlət xadimlərimizi, sərkərdələrimizi, mütəfəkirlərimizi yeni bir rakursda görmək imkanı qazanmış oluruq. Ədəbiyyatımıza, fəlsəfəmizə, publisistikamıza, mədəniyyətimizə, dövlətçilik tariximizə, elm tariximizə multikultural dəyərlər prizmasından baxış xalqımızın qeyd edilən sahələrdə yaratmış olduğuirsi daha əzəmətli göstərir. Həmçinin bu baxış bucağı bizə ictimai-siyasi, elmi-fəlsəfi və ədəbi-bədii tariximizi daha rəngarəng və zəngin paradiqmalarda təqdim edir. Bəşəriyyəti bütöv kimi dərk etmək istəyi, ayrı-ayrı xalqları mənəvi xətlərlə birləşdirən amilləri tapmaq ehtiyacı, dinləri bir-birinə yaxınlaşdırmaq cəhdi, müxtəlif dinlərin müqəddəslərinə eyni ehtiram, insanlara dininə görə deyil, dəyərinə görə qiymət vermə əxlaqı, hər kəsi mərhəmətə, şəfqətə, başqasının dərdinə acımağa dəvət, eşqin ən yüksək, ən ali hiss kimi dilindən, dinindən asılı olmadan bütün xalqlar üçün əsas həyat prinsipi olmasının tərənnümü və bir sıra digər bu kimi dəyərlər ictimai fikir tariximizin dərin qatda pərvaz edən ruhunun göstəriciləridir»- deyə, Dövlət müşaviri vurğulayıb.