Xəbərlər
Samur çayı üzərində yeni körpü salınacaqdır
Həştərxanda Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolov iki ölkə arasında sərhəd çayı olan Samur çayı üzərində avtomobil körpüsünün salınmasına dair layihə sənədlərinin hazırlanması üçün texniki tapşırığı imzalayıblar.
Həştərxan KİV-ləri xəbər verir ki, körpünün tikintisi barədə saziş təxminən bir il bundan əvvəl – 2013-cü il avqustun 13-də imzalanıb, bu ilin yayında isə Qəbələdə beşinci Azərbaycan – Rusiya forumunda tərəflər layihənin “yol xəritəsini” qəbul ediblər.
Samur çayı üzərindəki körpü çoxdan tikilib, artıq qəza vəziyyətindədir və daim artan nəqliyyat axınının öhdəsindən daha gələ bilmir. Yeni körpü isə yük və sərnişin daşımalarının bütün müasir tələblərinə cavab verəcəkdir. Bu körpü ən yeni materiallardan, texnologiyalardan və konstruksiyalardan istifadə etməklə salınacaqdır. O, ikizolaqlı olacaq, körpünün özünün və giriş-çıxış yollarının uzunluğu 800 poqon metr təşkil edəcəkdir.
Qeyd edək ki, sənəd Xəzəryanı dövlətlərin nəqliyyat nazirlikləri rəhbərlərinin müşavirəsi çərçivəsində imzalanmışdır. Görüşdə Xəzəryanı regionun tranzit potensialının inkişafı məsələləri müzakirə olunur. Görüş Xəzəryanı dövlətlərin başçılarının bu ilin sentyabrında Həştərxanda keçiriləcək sammiti ərəfəsində təşkil olunub.
Müşavirədə Azərbaycanı nəqliyyat naziri Ziya Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Görüşdə Rusiya, Qazaxıstan, İran və Türkmənistanın nəqliyyat idarələrinin rəhbərləri də iştirak edirlər.
Nəqliyyat idarələrinin rəhbərləri öz çıxışlarında beynəlxalq daşımaların inkişafı sahəsində onların ölkələrində görülən tədbirlərdən danışıblar. Azərbaycanda və İranda dəmiryolu ilə hərəkətin güclənməsinə kömək edəcək iri layihələr həyata keçirilir, Qazaxıstan və Türkmənistan limanların buraxıcılıq qabiliyyətini artırmağı planlaşdırırlar.
Gələn il müşavirə İran İslam Respublikasında keçiriləcəkdir.