YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisdə Hesablama Palatasının hesabatı dinlənilib

Milli Məclisdə Hesablama Palatasının 2016-cı il üzrə hesabatı müzakirə olunur.

Milli Məclisin aprelin 14-də keçirilən iclasında Hesablama Palatasının 2016-cı il üzrə hesabatını təqdim edən qurumun sədri Vüqar Gülməmmədov qeyd edib ki, 2016-cı il Hesablama Palatasının tarixində əlamətdar il olub. 2016-cı ildən müəyyən edilmiş nöqsan və pozuntuların təsnifləşdirilməsinə başlanılıb. Bu məqsədlə xarici ölkələrin təcrübəsi öyrənilib. Hesabatda nöqsanların təsnifləşdirilməsi zamanı nöqsan və pozuntuların xüsusi çəkisi və bərpa olunan vəsaitlərin həcmi barədə məlumat yer alıb.

Bildirilib ki, Hesablama Palatasının 2016-cı ilin iş planına uyğun olaraq dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının vəsaitləri üzrə 12-si analitik təhlil və 65-i audit olmaqla 77, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 10-u analitik təhlil və 9-u audit olmaqla 19 nəzarət tədbirinin başlanılması ilə bağlı qərar qəbul edilib. Hesabat ilində dövlət büdcəsi və büdcədənkənar dövlət fondları üzrə nəzarət tədbirlərinin 2-si növbəti ilə saxlanılıb.

V. Gülməmmədov qeyd edib ki, hesabat ilində dövlət büdcəsinin gəlirləri üzrə 8, büdcə xərcləri üzrə 63, dövlət zəmanəti ilə alınmış kreditlər üzrə cəlb edilmiş vəsaitlərlə bağlı 2, büdcədənkənar dövlət fondlarının vəsaitləri ilə bağlı 4 auditin nəticəsi üzrə qərar qəbul edilib.

Palata sədri əlavə edib ki, 2015-ci ilin İş planına daxil olan və nəticələri hesabat ilində yekunlaşan 2 audit də nəzərə alınmaqla 2016-cı ildə 76 nəzarət tədbirinin nəticəsi ilə bağlı qərar qəbul edilib, Azərbaycan Dövlət İqtisad Universitetində həyata keçirilmiş tədbirin nəticələrinin yekunlaşdırılmaması səbəbindən həmin auditlə bağlı məlumatlar növbəti ildə fəaliyyətlə bağlı hesabata daxil ediləcək.