Xəbərlər
Kamran Nəbizadə: Qısa müddətdə aparılan islahatların nə qədər səmərəli olduğunun şahidi olduq
«Azərbaycanda 2015-2016-cı illərdə bütün sahələrdə başlayan dərin islahatlar dünyada baş verən böhran xarakterli proseslərə cavab idi. Artıq qısa müddətdə bu islahatların nə qədər səmərəli olduğunun şahidi olduq». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekelogiya komitəsinin sədr müavini Kamran Nəbizadə deyib.
K.Nəbizadə bildirib ki, sənaye istehsalının və kənd təsərrüfatının inkişafı prioritet təşkil edən məsələlərdir və bu sahələrdə artıq müsbət nəticələr mövcuddur. Onun sözlərinə görə, bu ilin birinci rübündə iqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənaye sektoru 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb.
«Kənd təsərrüfatının inkişafı bir sıra səbəblərdən çox vacibdir. Bu sahəyə sərmayələrin yönəlməsi, sahibkarlara vergi imtiazların verilməsi istifadəsiz əkin torpaqların səmərəli istifadəsi, kənd sakinlərinin kütləvi şəkildə əmək fəaliyyətinə cəlb olunması, işsizliyin aradan qaldırılması, ölkənin ərzaq təhlükəsizliyinin güclənməsi kimi məqsədləri təmin edir. Və bu prosesin müsbət nəticələrini biz artıq müşahidə edirik»- deyə, K.Nəbizadə vurğulayıb.