YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının XI konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının XI konfransı keçirilib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək, Ümummilli liderin abidəsi önünə əklil və gül dəstələri qoyublar. YAP Balakən rayon təşkilatının konfransını giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, təşkilatın sədri Azad Balayev deyib ki, Yeni Azərbaycan Partiyası ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olmasında siyasi flaqman rolunu öhdəsinə götürmüşdür. YAP Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq xalqımızın ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir. Onun sözlərinə görə, yarandığı ilk gündən YAP ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərir və bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini nümayiş etdirir.

Azad Balayev hesabat dövründə qeydə alınan bir sıra statistik məlumatları diqqətə çatdırıb. Qeyd edib ki, ötən müddət ərzində YAP Balakən rayon təşkilatı böyük inkişaf yolu keçmişdir. YAP Balakən rayon təşkilatı öz sıralarını daim genişləndirərək partiyamızın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən bundan sonra da ləyaqətlə gələcəkdir.

Konfransda məruzə ətrafında çıxışlar olub. Çıxış edənlər YAP Balakən rayon təşkilatının XI konfransa qədərki fəaliyyətini qənaətbəxş hesab etdiklərini diqqətə çatdırıblar.

Konfransda daha sonra YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatlarından Kamilə Əliyeva, Nəsib Məhəməliyev və rayon İcra Hakimiyətinin başçısı İslam Rzayev çıxış edərək YAP-ın yaranma tarixi, partiyanın əldə etdiyi böyük nailiyyətlər və ölkənin ictimai –siyasi həyatındakı rolundan bəhs ediblər.

Konfransda təşkilatın ötən hesabat dövründə fəaliyyəti müsbət qiymətləndirilib, rayon təşkilatının 39 nəfər tərkibdə yeni Şurası və 17 nəfərdən ibarət İdarə Heyəti, eləcə də nəzarət – təftiş qrupu   seçilib. Azad Balayev yenidən YAP Balakən rayon təşkilatının sədri seçilib. 
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.