Xəbərlər
Prezident İlham Əliyev: Biz münasibətlərimizin inkişafından çox məmnunuq
“Biz münasibətlərimizin inkişafından çox məmnunuq, biz daim əlaqə saxlayırıq. Bu gün biz artıq bir sıra məsələlərə dair fikir mübadiləsi apardıq. Biz bu işə dünən axşam başladıq və artıq baş tutmuş fikir mübadiləsi göstərir ki, müzakirə edilən bütün məsələlər barədə mövqelərimiz tamamilə üst-üstə düşür. Siyasət sahəsində fəal qarşılıqlı əlaqələrimizi, iqtisadi sahədə, nəqliyyat sahəsində yaxşı perspektivləri ətraflı müzakirə etmişik və indi nümayəndə heyətlərinin iştirakı ilə diskussiyaları davam etdirəcəyik”. Bu fikirləri aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ilə görüşündə səsləndirib.
Prezident İlham Əliyev qeyd etmişdir ki, həm Qazaxıstan, həm də Azərbaycan konkret nəqliyyat, enerji layihələri, iqtisadi inkişafla bağlı layihələr vasitəsilə regional əməkdaşlığı möhkəmlətmək üçün çox iş görür. Mənim üçün bu da xoşdur ki, şirkətlərimiz arasında qarşılıqlı investisiyalar qoyuluşu başlanır və artıq yaxşı nəticələr verir.