Xəbərlər
Musa Quliyev: Biz öz tariximizi, uğurlarımızı, eləcə də faciələrimizi bilməliyik
«Çox təəssüflər olsun ki, SSRİ dönəmində və müstəqilliyimizin ilk illərində ermənilərin azərbaycanlılara qarşı qətliamlarına hüquqi-siyasi qiymət verilməyib. SSRİ dövründə bu hadisələr ört-basdır etdirilirdi, ermənilərlə qardaşlıq himni oxutdurulurdu. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu məsələlərə hüquqi-siyasi qiymət verdi. 1998-ci ilin mart ayında “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalandı. “Azərbaycanlıların soyqırımı haqqında”” Fərman gələcək nəsillərin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir. Bundan sonra tədqiqat işləri başladı, əsərlər yazıldı. Bu baxımdan, əlbəttə ki, imzalanan Fərmanın böyük əhəmiyyəti var. 2001-ci ildə isə «Ermənistan SSR-dən deportasiya olunmuş azərbaycanlıların məskunlaşması haqqında» Fərman verildi». Bu fikirləri yap.org.az saytına müsahibəsində YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, biz öz tariximizi, uğurlarımızı, faciələrimizi bilməliyik, düşmənlərimizi tanımalıyıq ki, gələcəkdə belə hadisələr baş verməsin. Onun sözlərinə görə, 1992-ci ilin fevral ayında baş verən Xocalı soyqırımı təkcə xalqımıza qarşı yox, bəşəriyyətə qarşı törədilmiş faciədir. Onun sözlərinə görə, Xocalı faciəsinin dünyada tanıdılması üçün dövlətimiz və qeyri-hökumət təşkilatları sistemli fəaliyyət göstərir.
«Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezdenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası bu faciənin bütün dünyaya bəyan edilməsində, qəbul edilməsində mühüm rol oynayır. Bu gün dünyanın bir sıra dövlətləri, ABŞ-ın 23 ştatı Xocalı soyqırımını tanıyır. Bu işi davam etdirməliyik. Bu təkcə bizim millətimiz və tariximiz qarşısında borcumuz deyil, eyni zamanda gələcək nəslillər qarşısında borcumuzdur. Bəşəriyyət cinayətkarları, işğalçıları tanımalı, soyqırıma hansı xalqın məruz qaldığını bilməlidir və ədaləti müdafiə etməlidir.
Prezident İlham Əliyevin imzaladığı bir sıra fərman və sərəncamlarla, Mili Məclisin qəbul etdiyi qərarlarla istər Xocalı faciəsi, istər deportasiya aktları dövlət səviyyəsində qeyd olunur. Bütün bunların hamısı ona görədir ki, gələcəkdə belə faciələr baş verməsin və həqiqət bütün nəsillərə çatdırılsın, Azərbaycanın indiki gənc nəsli vətənpərvərlik ruhu ilə böyüsün və böyüyür də. Bu gün Azərbaycan güclü dövlətdir, bizim işimiz haqq işidir. Əminəm ki, biz o torpaqlarımıza qayıdacağıq, ərazi bütövlüyümüz bərpa olunacaq, Xocalı soyqırımını törədənlər cəzalarını alacaqlar»- deyə, M.Quliyev vurğulayıb.