Xəbərlər
Azərbaycan dünya çempionatına işçi göndərmək üçün Qətərlə müqavilə bağlayacaq
Qətər dövləti orada keçiriləcək futbol üzrə dünya çempionatı üçün lazım olan işçi qüvvəsi ilə bağlı tək Azərbaycana deyil, əmək resurslarının artıqlığı olan ölkələrin hamısına müraciət edib.
Bunu jurnalistlərə müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
“Qətər dövləti ilə bu istiqamətdə müvafiq dövlətlərarası müqavilənin hazırlanması prosesinə başlanılıb. Təəssüf ki, Prezident İlham Əliyevin Qətərə səfərinə qədər bunu yekunlaşdıra bilmədik. Çünki orada müəyyən məsələlər var ki, Qətər dövlətinin işçi qüvvəsinə hansı zəmanətləri verəcəkləri müəyyən qədər açıq qalmışdır. Hazırda bunun üzərində işlər gedir. Prezidentin göstərişi ilə bu istiqamətdə çox ciddi işləyirik. Proses çərçivəsində həmin dövlətin müvafiq qurumları ilə məsləhətləşmələr aparılır. Futbol oyunundan söhbət gedirsə, təbii ki, daha çox tikinti və inşaat sektorunda işçi qüvvəsinə ehtiyac olacaq. Çünki orada çoxlu sayda stadionlar inşa olunacaq. Eyni zamanda, xidmət sferasında da işçiyə ehtiyac olacaq”, -deyə nazir qeyd edib.