Xəbərlər
Bakıda "İslam həmrəyliyi - zamanın çağırışı" mövzusunda beynəlxalq konfrans keçirilir
Martın 15-də Bakıda Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə "İslam həmrəyliyi - zamanın çağırışı" mövzusunda beynəlxalq konfrans keçirilir.
Müqəddəs Qurani-Kərimdən ayələr səsləndikdən sonra "Azərbaycanda multikulturalizm dəyərlər" filmi nümayiş olunub.
Konfransın birinci bölməsi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin moderatorluğu ilə keçirilir.
Allahşükür Paşazadə bildirib ki, əsrlər boyu İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi müsəlman intibahında mühüm rol oynamış Azərbaycan bu gün də İslam dünyasının önündə gedən dövlətlərdən biridir. "Tarixən çoxmillətli və çoxkonfessiyalı dövlət, İslami dəyərlər, multikultural ənənələr diyarı olan Azərbaycanda şükürlər olsun ki, sabitlik mövcuddur. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir. Təbii ki, burada dövlətimizin başçısının siyasi iradəsi böyük önəm daşıyır", - deyə A.Paşazadə əlavə edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan QMİ sədri bildirib ki, torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan artıq məcburi köçkünün yaranması ilə nəticələnib. Bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həll edilməlidir. Dünyada mövcud olan bütün münaqişələrin ədalətli sülh yolu ilə həllini tapması üçün siyasi xadimlərin, dini liderlərin, dünya ictimaiyyətinin səylərini artırması vacibdir.
Sonra Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxudu.
Konfrans işini davam etdirir.