Xəbərlər
Texasda Xocalı soyqırımının 25-ci ildönümü anılıb
Fevralın 25-də Hyuston şəhərindəki Azərbaycan Mərkəzinin təşkilatçılığı və ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə anım tədbiri keçirilib. Mərasimdə ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan, nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüş “Sonsuz dəhliz” (“Endless corridor”) sənədli filmi nümayiş etdirilib.
Tədbirdə diplomatik korpusun, Hyuston şəhər meriyasının, yerli ictimaiyyətin, Azərbaycan, Türkiyə, Braziliya, Bosniya və Herseqovina, Pakistan icmalarının nümayəndələri iştirak ediblər.
Tədbiri açan Hyustondakı Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundova qonaqlara Ermənistan tərəfindən törədilən Xocalı qətliamı barədə məlumat verib.
Türkiyənin Hyustondakı baş konsulu Ferhat Alkan çıxış edərək Ermənistanın törətdiyi Xocalı soyqırımını qəti şəkildə pisləyib, onu törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyini bildirib, işğalçı ölkənin BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin yerinə yetirməli olduğunu vurğulayıb.
Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov Ermənistan tərəfindən törədilən Xocalı soyqırımının niyyətli şəkildə həyata keçirildiyini, Xocalı əhalisinin böyük hissəsinin qətlə yetirildiyini, girov götürərək işgəncə verildiyini, yüzlərlə insanın itkin düşdüyünü xatırladıb. Bu əməlin o vaxt yenicə müstəqillik qazanan Azərbaycan xalqına qarşı yönəlmiş cinayət olduğunu, erməni millətçilərinin eyni əməlləri Azərbaycanın işğal edilmiş digər şəhər və kəndlərində də törətdiklərini qeyd edib. Diplomat soyqırımı və insanlıq əleyhinə cinayət olan bu əməlləri törədən şəxslərin ədalət mühakiməsinə cəlb olunacağına, həmçinin xalqımızın və ölkəmizin xaricdəki diasporunun dəstəyi ilə Azərbaycan rəhbərliyinin ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyinə inamını ifadə edib.
Daha sonra Texas A&M Universitetinin tədqiqatçısı Samir Hüseynov çıxış edərək Xocalı qətliamı barədə iştirakçılara geniş məlumat verib. O, bu faciənin faktoloji, hüquqi və siyasi məqamlarını izah edib, bu mövzuda yazılmış elmi araşdırmalarda yer alan əsas məqamları diqqətə çatdırıb.
Tədbirin ikinci hissəsində tanınmış prodüser Aleksandras Brokas və Cerald Rafşun tərəfindən çəkilmiş “Sonsuz dəhliz” (“Endless corridor”) sənədli filmi nümayiş etdirilib. Bu film Xocalı dəhşətlərinin şahidi olan iki xarici jurnalistin faciədən 20 il sonra yenidən Azərbaycana səfər edərək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşməsi və onların bölüşdüyü xatirələr, eləcə də Ermənistan tərəfindən həmin faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibələri əsasında qurulub.
Qeyd edək ki, sözügedən filmin nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmiş və hər il dünyanın müxtəlif yerlərində təbliğat-təşviqat tədbirləri keçirən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib.
Sonda iştirakçıları Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.