Xəbərlər
YAP Gənclər Birliyi Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirib
Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov bildirib ki, Azərbaycan gəncliyi heç vaxt Xocalı soyqırımını unutmayacaq. Onun sözlərinə görə, gənclərimiz keçirdikləri müxtəlif aksiyalar vasitəsilə bu qətliamın ermənilər tərəfindən azərbaycanlıları soyqırıma məruz qoymaq məqsədilə törədildiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırlar. Bu istiqamətdə işlər ilboyu davam etdiriləcək.
Daha sonra «Xocalı» musiqili kompoziyası təqdim olunub.
Tədbirdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev, millət vəkilləri – Flora Qasımova, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov, «SƏS» qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva və başqaları çıxış edərək Xocalının Azərbaycan xalqının qan yaddaşı olduğunu bildiriblər. Qeyd olunub ki, dövlətimiz tərəfindən Xocalı soyqırımının tanıdılması istiqamətində gördüyü işlər təqdirəlayiqdir və qısa zamanda bir çox dövlətlər bu soyqırımını tanıyacaq.