Xəbərlər
İstanbulda “Xocalı soyqırımı uşaqların gözü ilə” adlı rəsm sərgisi açılıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşkilatçılığı və Türkiyə Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə “Xocalı soyqırımı uşaqların gözü ilə” adlı rəsm sərgisinin açılış mərasimi olub.
İstanbul Dəniz Muzeyində keçirilən sərginin açılış mərasimində İstanbul valisi Vasip Şahin, Türkiyə Hərbi Dəniz Donanmasının cənub birləşmələrinin komandanı, kontr-admiral Hasan Şükrü Korlu, Türkiyə Silahlı Qüvvələrinin Birinci Ordu komandanı, ordu generalı Musa Avsever, İstanbulda fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baş konsul Məsim Hacıyev və İstanbul valisi Vasip Şahinin çıxışları dinlənilib.
Uydurma “erməni soyqırımı”nın siyasi gündəmə gətirilməsinin iyrənc məqsədlərindən söz açan baş konsul Məsim Hacıyev diqqətə çatdırıb ki, Osmanlı dövlətinə xəyanət və düşmənçilik edən ermənilər tarixin bütün dövrlərində Türkiyə və Azərbaycana qarşı böyük qüvvələrin əlində alət olublar. Xalqlarımız soyqırımının acılarını dəfələrlə yaşayıblar. Xocalı soyqırımı ermənilərin zaman-zaman xalqlarımıza qarşı törətdikləri cinayətlərin davamı və ən dəhşətlisi, inkarı mümkün olmayan bəşəri cinayətdir. Dünya ictimaiyyəti Xocalı soyqırımı barədə məlumatlandırıldıqca erməni millətçiliyinin iç üzü daha yaxşı görünür. Son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində dünya ictimaiyyətinə geniş məlumatlar çatdırılıb.
Xocalı soyqırımına görə Azərbaycan xalqına başsağlığı verən, şəhidlərə Allahdan rəhmət diləyən İstanbul valisi Vasip Şahin diqqətə çatdırıb ki, Anadolu və Azərbaycan torpaqlarına göz tikən zalım düşmənlər tarix boyu xalqlarımıza qarşı amansız olub, dinc insanlarımıza qarşı soyqırımları gerçəkləşdiriblər. Türkiyə və Azərbaycan xalqları heç zaman zəif xalqlara qarşı pis niyyətli, pis əməldə olmayıb. Təəssüf ki, xalqlarımıza qarşı soyqırımları həyata keçirənlər uydurma “soyqırımı” mövzusu ilə tarixi cinayətlərini ört-basdır etməyə cəhd göstərirlər.
“Xocalı soyqırımı uşaqların gözü ilə” adlı rəsm sərgisində 100 əsər nümayiş olunur. Onlardan 59-u 1992-ci ildə, qalanları isə ondan sonrakı dövrdə çəkilib.
Sərgi fevralın 26-dək davam edəcək.