Xəbərlər
Pərvin Kərimzadə: Müstəqil Azərbaycan təhsil sahəsində müasir dövrün hədəflərinə doğru inamla irəliləyir
«Hazırda bütün dünyada xalqların, dövlətlərin inkişafı ilə bağlı müasir çağırışlar, ilk növbədə, məhz təhsillə, cəmiyyətin intellektual inkişaf səviyyəsi ilə bağlıdır. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı XXI əsri “Təhsil əsri” elan edib. Bu mənada məmnunluq hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan təhsil sahəsində müasir dövrün hədəflərinə doğru inamla irəliləyir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
P.Kərimzadə bildirib ki, ölkəmizdə təhsilin inkişafı Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Onun sözlərinə görə, ölkə rəhbərinin Azərbaycanda təhsilin ən yüksək səviyyədə inkişaf etdirilməsi ilə bağlı dövlətin, cəmiyyətin qarşısına qoyduğu hədəflər reallığa əsaslanır. İlk növbədə, vurğulamaq lazımdır ki, Azərbaycan cəmiyyətinin, xüsusən gənc nəslin təhsilə, innovasiyalara böyük marağı var. Ölkəmiz zəngin təhsil ənənələrinə, güclü intellektual və kadr potensialına malikdir.
«Uzun illər boyu yaranmış ənənələr yeni dövrün tələbləri nəzərə alınmaqla daha da inkişaf edir. Təsadüfi deyil ki, dövlət büdcəsindən müdafiə xərclərindən sonra ən çox vəsait ayrılan sahə məhz təhsildir. Son 10 ildə 2000-dən çox məktəb binası tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub. Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva müntəzəm olaraq, təhsil sahəsində inkişafı dəstəkləyən yeni-yeni layihələrlə çıxış edir. Fond 2005-ci ildən təhsil sahəsində daha bir təşəbbüslə çıxış edərək “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini həyata keçirməyə başlayıb. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etməkdən, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqdan, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdan, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdən ibarətdir. Onu da xüsusi vurğulamaq istəyirəm ki, təhsil sahəsində həyata keçirilən islahatlar davamlı xarakter daşıyır»- deyə, deputat qeyd edib.