Xəbərlər
İsa Həbibbəyli: Qanun məktəb yaşına çatmamış uşaqların məktəbəqədər təhsilinin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini müəyyən edir
«Məktəbəqədər təhsil haqqında» qanunun əsas məqsədi erkən yaş dövründən başlayaraq uşaqların əqli, fiziki və yaradıcı potensialının, mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının və sağlamlığının mühafizəsinin, ətraf aləmə həssas münasibətinin və şəxsiyyətinin formalaşdırılmasından ibarətdir. Bu fikri Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.
İ.Həbibbəyli bildirib ki, qanun məktəb yaşına çatmamış uşaqların məktəbəqədər təhsilinin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
«Məktəbəqədər təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilərlər. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi və onların təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycanın qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Məktəbəqədər təhsil müəssisəsi məktəbəqədər təhsil sahəsində bu qanunla müəyyən edilmiş məqsədlərin reallaşdırılması istiqamətində davamlı olaraq təşkilati, psixoloji, pedaqoji, metodiki, tibbi, sosioloji tədbirlərin həyata keçirilməsini təmin edir. Məktəbəqədər təhsil müəssisəsi qanunvericiliyə və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq xarici ölkələrin məktəbəqədər təhsil müəssisələri, təşkilatları, beynəlxalq qurumlar və fondlarla əlaqələr yarada, əməkdaşlıq haqqında ikitərəfli müqavilələr bağlaya, təhsil sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına daxil ola və qarşılıqlı əməkdaşlığın digər formalarını həyata keçirə bilər»- deyə, komitə sədri vurğulayıb.