Xəbərlər
Necdet Ünüvar: Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan “referendum” ermənilərin bəd niyyətini bir daha göstərir
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində fevralın 20-də keçirilməsi planlaşdırılan “referendum”la bağlı bəyanat yayıb.
Qondarma rejimin keçirmək istədiyi “referendum”un beynəlxalq hüququn əleyhinə, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in prinsiplərinə zidd addım olduğunu diqqətə çatdıran Necdet Ünüvar qeyd edir ki, Xocalı soyqırımının ildönümünə bir neçə gün qalmış “referendum” keçirilməsi cəhdi ermənilərin bəd niyyətini və təhrikçiliyini bir daha göstərir. İşğal faktının davam etməsi məqsədilə atılan bu addım sülh danışıqlarına güclü zərbə vurur. Bu qanunsuz “referendum”un nəticələri Türkiyə tərəfindən tanınmayacaq.
Bəyanatda bildirilir ki, Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün ilk növbədə işğala son qoyulmalı və 1 milyondan çox qaçqın və məcburi köçkün azərbaycanlı öz ata-baba yurduna qayıtmalıdır. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin ədalətli və uzunmüddətli həllini tapmalıdır.
Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirliyi də Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan “referendum”u pisləyən kəskin bəyanat yayıb.