Gündəm
Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənar heç bir qərar qəbul edilə bilməz
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Əl-Cəzirə televiziyasına müsahibəsində qeyd edib ki, Qarabağ Azərbaycanın qədim və tarixi hissəsidir. Bir çox əsrlər boyu azərbaycanlılar bu torpaqda yaşayıb-yaradıblar. XIX əsrin əvvəllərində Rusiya-İran müharibəsi nəticəsində Azərbaycanın şimal hissəsi Rusiya imperiyasının tərkibinə daxil oldu. Ermənilər isə İrandan və Şərqi Anadoludan Azərbaycan torpaqlarına, hazırda Dağlıq Qarabağ adlanan əraziyə köçürüldülər. XX əsrin əvvəllərində bolşevik inqilabının nəticəsində Azərbaycan Sovet İttifaqının bir hissəsi oldu və sonra isə sovet hökuməti tərəfindən Dağlıq Qarabağ muxtar vilayətinin yaradılması barədə qərar qəbul edildi. Çünki XIX əsrdəki köçürülmədən sonra bu vilayətin əhalisinin 70 faizini ermənilər, 30 faizini isə azərbaycanlılar təşkil edirdi. Beləliklə, Azərbaycanın bu qədim və ayrılmaz hissəsi muxtariyyət statusu aldı və Sovetlər İttifaqının dağılması ərəfəsində Ermənistan separatçıları Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağda separatçı hərəkata başladı, dinc azərbaycanlı əhaliyə qarşı hücumlar etdilər, kəndlərimizi yandırdılar, evlərimizi dağıtdılar və təkcə Dağlıq Qarabağı yox, Dağlıq Qarabağ muxtar vilayətinin ətrafında yerləşən yeddi rayonu da işğal etdilər. Bu təcavüz və işğal nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpağında qaçqın və məcburi köçkünə çevrildi. Beynəlxalq təşkilatlar bir çox qərar və qətnamələr qəbul etdi, xüsusilə BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdi. Əfsuslar olsun ki, bu qətnamələri qəbul edənlərin özləri öz qərarlarına hörmət etmirlər. Çünki 20 ildən artıqdır ki, bu qətnamələr kağız üzərində qalmaqdadır, onlar icra olunmur və biz burada Azərbaycana qarşı ikili standartlar siyasətinin şahidi oluruq. Çünki bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qərarları bir neçə gün ərzində icra olunur. Bizim məsələyə gəldikdə isə, 20 ildən çox vaxt keçmişdir. Ermənistan bu qətnamələrə, həmçinin digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur. Oxşar qərarlar İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı tərəfindən də qəbul edilmişdir. Bütün bu qərarlar, qətnamələr Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edir.
Münaqişənin həlli yoluna toxunan Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, erməni işğalçı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır, azərbaycanlılar bütün işğal olunmuş ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıtmaq hüququna malik olmalıdır: “Bundan sonra regionda sülh bərqərar olacaq. Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənar heç bir qərar qəbul edilə bilməz. Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq. Onu da əlavə etmək istərdim ki, dünyada heç bir ölkə, o cümlədən azərbaycanlılara qarşı soyqırımı törətmiş Ermənistan da Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Bundan başqa, ermənilər bizim bütün tarixi abidələrimizi, muzeylərimizi, məscidlərimizi dağıtmışlar. Bu gün Ağdam məscidinin, Şuşa məscidinin dağıdılması erməni vəhşiliyinin açıq-aydın sübutudur. Bu, təkcə Azərbaycanın tarixi irsinə qarşı deyil, eyni zamanda, İslam dəyərlərinə, İslam tarixi irsinə qarşı olan hücumdur. Buna görə də bəzən Ermənistanın bəzi müsəlman ölkələri ilə münasibətlərini möhkəmləndirməyə və ya normallaşdırmağa yönəlmiş cəhdləri çox təəccüb doğurur. Hesab edirik ki, Ermənistanı açıq-aydın təcavüzkar kimi tanıyan İslam Əməkdaşlıq Təşkilatının qətnamələri Ermənistan ilə münasibətləri inkişaf etdirmək niyyətində olan bütün müsəlman ölkələri üçün əsas mesaj olmalıdır”.