Xəbərlər
Mikayıl Cabbarov: Təhsil Nazirliyinin ali təhsil müəssisələri ilə uğurlu fəaliyyət nəticəsində bir sıra səmərəli layihələr həyata keçirilib
«Ali təhsil sistemi artıq bir neçə ildir ki, təsərrüfat əsaslı fəaliyyət göstərən sistemdir. Dövlət mülkiyyətləri üçün bu, kifayət qədər mütərəqqi bir modeldir». Bu fikirləri təhsil naziri Mikayıl Cabbarov deyib.
M.Cabbarov bildirib ki, dövlət ali təhsil müəssisələrində maliyyələşmə adambaşına maliyyələşdirmə sistemi ilə qurulur. Onun sözlərinə görə, dövlət sifarişi ilə təhsil alanların xərclərini dövlət ödəyir.
«Dövlətlə ali təhsil müəssisələri arasında münasibət adambaşına maliyyələşdirmə münasibəti əsasında qurulub. Dövlət mərkəzləşdirilmiş imtahanda yüksək bal yığan, dövlət sifarişi ilə qəbul olunan tələbələrin təhsil alma xərclərini ödəyir. Dövlət ali məktəbləri mövcud olan büdcə vəsaitlərinin 80-82%-ni əmək haqlarına sərf edirlər. Son 5 ildə ali məktəblərin qarşısında belə bir məqsəd dayanıb ki, onlar öz büdcələri ilə davamlı inkişaflarını təmin etsinlər. Son 3,5 il ərzində Təhsil Nazirliyinin ali təhsil müəssisələri ilə uğurlu fəaliyyət nəticəsində bir sıra səmərəli layihələr həyata keçirilib. Bu il ali məktəblərdə yaradılan SABAH qruplarının ilk məzunları olacaq»- deyə, nazir vurğulayıb.