Xəbərlər
İntiqam Babayev: Gənclər siyasəti vasitəsi ilə təkcə gənclərin inkişafı üçün deyil, ölkəmizin, mədəniyyətimizin təbliğinə də öz dəstəyimizi verməyə çalışırıq

«Azərbaycanda dövlət gənclər siyasəti beynəlxal müstəvidə bir modeldir. Bu faktı müxtəlif ölkələrin nümayəndələri də vurğulayırlar. Azərbaycana gələn xarici qonaqlar deyirlər ki, gənclərlə iş sahəsində nəyisə öyrətməyə gəlmişdik, amma burdan nəsə öyrənib qayıdırıq. Çünki artıq bu sahədə Azərbaycanın böyük təcrübəsi və nailiyyətləri var». Bu fikirləri yap.org.az saytına gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
İ.Babayev bildirib ki, görülən işlər nəticəsində gənclərimiz bu gün nəinki ölkə daxilində, beynəlxalq müstəvidə keçirilən tədbirlərdə Azərbaycanı uğurla təmsil edirlər. Bir çox gənclərimiz xaricdə təlimçi qismində iştirak edərək əcnəbi gənclərlə təcrübəmizi bölüşülər.
«Biz öz siyasətimizi «Gənclər siyasəti haqqında» qanuna uyğun olaraq qurmuşuq. Bununla yanaşı, 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası adlı sənəd var ki, bu gün həmin sənəddə nəzərdə tutulan tədbirləri həyata keçiririk. Strategiyaya əsasən gənclərimizin hərtərəfli inkişafına şəraitin yaradılması istiqamətində addımlar atmağa çalışırıq. İstedadlı-yaradıcı gənclərə stimul verilməsi, gənclərin elmə marağının artırılması, gənclərimizin beynəlxalq müstəvidə layiqincə təmsilçiliyi və digər mühüm məsələlər fəaliyyətimizin ön sıralarında gedir. Gənclər siyasəti vasitəsi ilə təkcə gənclərin inkişafı üçün deyil, ölkəmizin, mədəniyyətimizin təbliğinə də öz dəstəyimizi verməyə çalışırıq»- deyə, nazir müavini vurğulayıb.