Xəbərlər
Avropa Komissiyasının baş direktoru: Azərbaycan ilə Avropa İttifaqı arasında yaxşı əlaqələr var
Azərbaycan ilə Avropa İttifaqı arasında yaxşı əlaqələr var və tərəflər bu əlaqələri inkişaf etdirmək istəyir.
Bu fikri Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları üzrə baş direktoru Kristian Danielson ADA Universitetində “Avropa İttifaqı-Azərbaycan münasibətləri, yeni qlobal kontekstdə: çağırışlar və imkanlar” adlı mühazirəsində söyləyib.
Bakıya səfəri çərçivəsində Azərbaycan hökuməti ilə Avropa İttifaqı arasında görüləcək işlərin əsas elementlərini müəyyənləşdirdiklərini deyən Kristian Danielson bu sahədə tezliklə razılaşma əldə ediləcəyinə ümidvar olduğunu qeyd edib. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi qeyd edib.
“Azərbaycan bizim vacib tərəfdaşımızdır”, – deyən baş direktor vurğulayıb ki, Avropa İttifaqı burada ən böyük investorlardan biridir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə Avropa İttifaqının verəcəyi töhfələrə gəlincə o, münaqişənin həlli ilə bağlı prosesi dəstəklədiklərini və tezliklə irəliləyiş görmək istədiklərini deyib.