Partiya xəbərləri
YAP Nizami rayon təşkilatının IX konfransına hazırlıq işləri uğurla davam etdirilir
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının IX konfransına hazırlıq işləri uğurla davam etdirilir. 27 dekabr 2016-cı ildə keçirilmiş rayon təşkilatı Şurasının iclasında konfransa nümayəndələrin müəyyənləşdirilməsi üçün ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi üzrə qrafik, həmçinin, konfransa hazırlıq işlərini həyata keçirən məsul şəxslərin siyahısı təsdiq edilmişdi. Məhz, həmin qrafikə əsasən artıq rayon təşkilatının 50-yə yaxın ilk partiya təşkilatında yığıncaqlar keçirilib və konfransa 130-dan artıq nümayəndə müəyyənləşdirilib.
Keçirilən ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqlarında rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, aparatın əməkdaşları Lamiyə Əhmədova, Günel Feyziyeva, Tünzalə Əliyeva, Selcan Novruzova, həmçinin, rayon İdarə Heyətinin və Şurasını üzvləri iştirak ediblər.
İclaslarda qeyd edilib ki, 1992-ci ildə respublikamızın bütün sahələrdə dərin tənəzzülə uğradığı bir dövrdə Naxçıvanda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası təsis edilib. Bildirilib ki, YAP ağır dövrdə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış partiyadır. Qısa vaxtda xalqın etimadını qazanan partiya böyük siyasi qüvvəyə çevrildi. Çətin sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş YAP bu gün cəmiyyətdə özünəməxsus aparıcı yer tutub.
Diqqətə çatdırılıb ki, YAP ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin sədrliyi ilə ölkədə siyasi-ideoloji fəaliyyətini genişləndirir, siyasi-ictimai sabitliyin təmin edilməsində əhəmiyyətli rol oynayır. YAP Nizami rayon təşkilatı da rayonun bütün sahələrində yüksək fəallıq nümayiş etdirərək vətəndaşların partiyaya və dövlətçiliyə münasibətlərinin ifadəçisinə çevrilib. Bu gün rayon təşkilatının 12861 nəfər üzvü 142 ərazi ilk partiya təşkilatında birləşib.
Hesabat-seçki yığıncaqlarında ilk partiya təşkilatlarının hesabatları dinlənilib, sədr və müavinlər, idarə heyəti, Gənclər Birliyi və Qadınlar Şurası, eyni zamanda, rayon təşkilatının IX konfransına nümayəndələr müəyyənləşdirilib.
Sonda yubileyi və ictimai-siyasi fəaliyyətinə görə fərqlənən üzvlər fəxri fərmanla təltif edilib, partiyaya yeni qəbul olunmuş üzvlərə isə vəsiqələr təqdim olunub.
Qeyd edək ki, YAP Nizami rayon təşkilatının IX konfransına hazırlıq işləri davam etdirilir.