Xəbərlər
Fuad Muradov: Azərbaycan Prezidentinin bu Sərəncamı “Qarabağa qayıdırıq, buna hazır olun” mesajıdır
Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamını Qarabağla bağlı yeni dövrün başlanğıcıdır.
Bu fikri Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov dövlətimizin başçısının Sərəncamını şərh edərkən bildirib. O qeyd edib ki, Azərbaycan Prezidentinin bu Sərəncamı “Qarabağa qayıdırıq, buna hazır olun” mesajıdır.
2016-cı ilin aprel hadisələrinə toxunan komitə sədri qeyd edib ki, ordumuzun qələbəsi xalqımızda, xüsusilə gənclərimizdə böyük ruh yüksəkliyi yaradıb, inamı daha da artırıb. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işlərinin aparılması ilə bağlı Sərəncam isə Azərbaycanın Qarabağla bağlı konkret mövqeyinin ifadəsidir.
F.Muradov deyib: “Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan işğal altında olan bütün torpaqlarını azad edəcək. Bunun alternativi yoxdur. Lələtəpə qələbəsi dönüş nöqtəsidir və ölkə rəhbərinin xalqımıza söykənərək ortaya qoyduğu iradənin nəticəsidir. Əminik ki, bu vəhdət tezliklə bizi doğma Şuşamıza, Xankəndimizə qovuşduracaq”.