Xəbərlər
Əli Həsənov: 190 ailə Cocuq Mərcanlı kəndinə qayıtmaq istəyir
190 ailə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıtmaq istəyir.
Bunu Azərbaycan Televiziyasına müsahibəsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Ə.Həsənov qeyd edib ki, ötən ilin aprel döyüşləri Azərbaycan tarixində çox böyük bir hadisədir: "Bu döyüşlər zamanı iki yüksəklik geri qaytarıldı, 10 min hektarlarla ərazi azad olundu. Hazırda o ərazilərdə minalardan təmizlənmə işləri aparılır. Aprel döyüşlərinədək Lələ Təpə işğal altında idi, lakin Cəbrayıl rayonunun bir kəndi – Cocuq Mərcanlı kəndi ulu öndər Heydər Əliyevin Ali Baş Komandan kimi 1993-cü ildə apardığı Horadiz əməliyyatı zamanı azad edilmişdi. Amma o ərazi Lələ Təpədən istənilən an vurula bilərdi. Ona görə də orada yaşayış təmin olunmamışdı. Yalnız bir ailə öz istəyi ilə orada məskunlaşmışdı: çox böyük fədakarlıqla, böyük təhlükə altında orada 25 ildir yaşayır. Ötən ilin aprelində Lələ Təpə azad ediləndən sonra o kənddə yaşamaq imkanı yarandı, təhlükə sovuşdu. Hazırda bizim ordu oradan xeyli irəlidədir, yəni Cəbrayıl tərəfə".
Baş nazirin müavini əlavə edib ki, Cocuq Mərcanlıda yaşamaq imkanının olduğunu bilən həmin kəndin sakinləri – vaxtilə kənddə yaşayan 400 ailədən artıq 190-ı doğma yerlərinə köçmək istədikləri barədə ərizə ilə müraciət ediblər: "Mən bunu cənab Prezidentə məruzə etdim, dövlət başçısı sərəncam imzaladı, 4 milyon manat vəsait ayırdı. O vəsait həmin kənddə ilk 50 fərdi yaşayış evinin və bir məktəb binasının tikintisinə yönəlib".
Ə.Həsənov bildirib ki, tez bir zamanda 50 fərdi yaşayış evinin tikinrtisinə başlanacaq: "Cənab Prezident belə tapşırıq verib. Təcili olaraq 190 ailədən 50-ni ora köçürəcəyik".