Xəbərlər
Bəhruz Quliyev: "Human Rights Watch" və bu tipli digər təşkilatların öz ciddiliyini itirdiyini tam əsasla vurğulaya bilərik
“Bu, "Human Rights Watch" təşkilatının Azərbaycanla bağlı qərəzə və böhtana söykənən ilk hesabatı deyil və ümumiyyətlə, Azərbaycanın dünya birliyində reytinqinin getdikcə yüksəlməsi, siyasi arenada söz sahibinə çevrilməsi və bu kimi digər əhəmiyyətli amillərə söykənən inkişaf trayektroyasını genişləndirməsi bir sıra qərəzli qurumların, o cümlədən, "Human Rights Watch"ın zaman-zaman təşvişinə səbəb olub”. Bu fikirləri yap.org.az saytına “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev adıçəkilən təşkilatın ölkəmizlə bağlı yaydığı növbəti hesabatına münasibətini bildirərkən deyib.
B.Quliyev bildirib ki, ictimai rəy hər zaman bu qurumun fəaliyyət prinsipinin inkişaf etmək qətiyyətini ortaya qoyan ölkələrə qarşı istiqamətləndiyini və Azərbaycan bu sıralamada daim hədəfə götürüldüyünün şahidi olub. Belə ki, "Human Rights Watch" kimi təşkilatlartın qərəzləri arxasında dayanan əsas təkanverici mənbə Qərbdə fəaliyyət göstərən güclü və kifayət qədər kapitala malik olan erməni lobbisidir: “Məhz bu baxımdan, mayaları böhtan və qərəzdən, siyasi şantaj üsullarından yoğrulmuş bu tipli "insan hüquqlarının müdafiəsi" təşkilatları beynəlxalq ictimaiyyətdə Azərbaycan əleyhinə mənfi rəy yaratmağa cəhd edirlər. Eyni zamanda, siyasi korrupsiya hesabına "hesabatlar" yayan bənzər ikiüzlü qurumlara artıq inanan da yoxdur. Belə ki, ifşa olunan məqamlardan biri də budur ki "Human Rights Watch" hər il, demək olar ki, eyni məzmunlu "hesabatlar" hazırlamaqla, sadəcə, rəqəm dəyişiklikləri edir”.
B.Quliyev xatırladıb ki, "Human Rights Watch"la yanaşı digər təşkilatlar – “Freedom House”, “Sərhədsiz Reportyorlar” və sairləri də bu «missiyaya» xidmət edir: “Məsələn, xatırlatmaq yerinə düşərdi ki, bu təşkilatlar hazırda işğal altında olan və dünya birliyi tərəfindən tanınmayan qondarma “DQR”i qismən azad ölkə kimi tanıdıqlarını əks etdirən hesabatlar yayıblar. Bunu heç bir ədalət, insan hüquqları baxışı prizmasından dəstəkləmək mümkün olmadığı halda, adıçəkilən qurumların demokratik xətt üzrə inkişaf edən Azərbaycanı hədəfə almaları təəssüf və təəccüb hissi doğurur”.
B.Quliyevin sözlərinə görə, "Human Rights Watch" təşkilatı daha çox Azərbaycanda "müxalifət" adı altında fəaliyyət göstərən radikal siyasi partiyaların əməyindən faydalanır, bununla da tərəflər erməni dəyirmanına su tökməklə, Azərbaycan əleyhinə çirkin siyasət yürüdürlər: “Ona görə də, "Human Rights Watch" və s. tipli təşkilatların öz ciddiliyini itirdiyini tam əsasla vurğulaya bilərik”.
Baş redaktor sonda "Human Rights Watch"n Azərbaycanda hər il reallaşdırılan əfv fərmanlarının heç də “ədalətli hal olmadığı” qərəzinə də münasibət bildirib və qeyd edib: “Əgər həqiqətən də, belədirsə, bu zaman nəyə görə həmin təşkilat Qərbdə müxtəlif xüsusi xidmət orqanları tərəfindən təqib olunan jurnalistlərin, irqçilik təzyiqlərinə məruz qalan insanların hüquqlarının müdafiəsinə qalxmır? Əgər bu qurum bu qədər “ədalət carçısıdırsa”, fəaliyyət göstərdiyi məkandan minlərlə km. aralıdakı hadisələri deyil, tam qarşısında baş verən anti-demokratik, insan hüquqlarını pozan hallara qarşı hesabat hazırlayardı. Bu gün Azərbaycanda insan haqları və hüquqları tam şəkildə qorunur və belə qurumların dırnaqarası hesabatlarının onların istədikləri nəticəni verməyəcəyini bəri başdan demək mümkündür”.