Xəbərlər
Oqtay Əsədov: Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri var
İyulun 24-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyənin Bolu vilayətinin bələdiyyə sədri Alaaddin Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, Oqtay Əsədov görüşdə Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən danışıb. Bildirib ki, ölkələrimiz hər zaman bir-birini dəstəkləyir və dostluq yardımlarını əsirgəmirlər. Sədr qarşıdan gələn prezident seçkilərində qardaş Türkiyəyə uğurlar arzulayıb.
Görüşdə Türkiyənin inkişafında hakim Ədalət və İnkişaf Partiyasının və yerli özünüidarəetmə orqanlarının rolundan danışılıb. Qeyd edilib ki, bələdiyyə orqanları arasında əməkdaşlığın daha da intensivləşməsi əlaqələrimizin gələcək inkişafına töhfələr verə bilər. Qarşılıqlı səfərlərin münasibətlərimizin daha da dərinləşməsinə xidmət etdiyi bildirilən görüşdə dostluq əlaqələrinin möhkəmləndirilməsinin təcrübə və informasiya mübadiləsi baxımından zəruri olduğu vurğulanıb.
Alaaddin Yılmaz Azərbaycanda gördüyü inkişafdan, ölkəmizdə, xüsusilə Bakı şəhərində həyata keçirilən tikinti-quruculuq işlərindən, zəngin infrastruktur sisteminin yaradılmasından məmnunluğunu bildirib.
Bələdiyyə sədri Azərbaycanın və Türkiyənin inkişafına mane ola biləcək hər hansı problemin aradan qaldırılması və ikitərəfli münasibətlərin daha da dərinləşməsi üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bəzi məsələlər barədə fikir mübadiləsi aparılıb.