YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasını təmsil edən MM-in deputatları şəhid Çingiz Qurbanovun ailəsini ziyarət edib

Yeni Azərbaycan Partiyasını təmsil edən millət vəkilləri cəbhə xəttində erməni təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olan Çingiz Qurbanovun ailəsinə baş çəkiblər. MM-in deputatlarından YAP İcra katibliyinin şöbə müdiri Aydın Mirzəzadə, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, “Yeni Azərbaycan”qəzetinin baş redaktoru Hikmət Babaoğlu və YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov şəhidin ailəsinə başsağlığı verib, Çingizin qəhrəmanlığının hər bir Azərbaycan oğluna nümunə olduğunu dilə gətiriblər.

Millət vəkili Aydın Mirzəzadə Çingiz Qurbanovun zəhmətkeş, vətənpərvər bir ailədə dünyaya gəldiyini bildirib. O, qeyd edib ki, bu gün Azərbaycan xalqı Çingizlə fəxr edir: “Çingiz kimi oğullar dövlətinin, xalqının dayağıdır. Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov və partiyanın İcra Katibliyi Qurbanovlar ailəsinə dərin hüznlə başsağlığı verir. Belə oğullarımız gənc nəslə örnəkdir. Vətən uğrunda canından keçməyi bacaran belə igid qəhrəmanlarımız Azərbaycan xalqının iftixarıdır. Çingizin nəşinin qaytarılması ilə bağlı bu gün dövlət səviyyəsində iş aparılır. Məsələnin tez bir zamanda həll edilməsi üçün bütün addımlar atılır. Əminik ki, qəhrəman şəhidimizin nəşi yaxın zamanda mənfur düşməndən geri alınacaq. Mən sizlərə - Çingizin belə vətənpərvər bir övlad kimi yetişməsində payı olan hər bir kəsə öz təşəkkürümü bildirirəm. Çingiz kimi oğullarımız varsa, demək, sonda qələbə bizimdir. Bunu düşmən də bilir. Ötən ilin aprelində bu faktı bir daha ortaya qoyduq və hər kəsə göstərdik ki, biz öz torpaqlarımızı işğaldan azad etmək qüdrətindəyik. Sadəcə olaraq, Ali Baş Komandanımız, Prezidentimiz cənab İlham Əliyevin də bildirdiyi kimi, biz bu münaqişənin sülh yolu ilə tənzimlənməsini istəyirik. Ermənilər sülh prosesi ilə razılaşmırsa, Çingiz kimi igid övladlarımız Vətənin azadlığı uğrunda əlində silah son damla qanına qədər vuruşmağa hazırdırlar”.”
Şəhid ailəsinin dərdinə şərik olduğunu bildirən millət vəkili Sədaqət Vəliyeva övlad itkisinin ağır olduğunu söyləyib. Çingizin təkcə öz ailəsinin deyil, Azərbaycan xalqının oğlu olduğunu söyləyən millət vəkili torpaqlarımızın yaxın zamanda işğaldan azad olunacağına əminliyini ifadə edib: “Azərbaycanın bütövlüyü uğrunda şəhid olan oğullarımız bizi qələbəyə daha da yaxınlaşdırır. Bu gün hər bir Azərbaycan ailəsində Çingizin qəhrəmanlığından bəhs olunur. Bu çox qürurverici bir hissdir. Mən arzu edirəm ki, oğullarımız sağ-salamat evlərinə dönsünlər, anaların gözü yaşlı qalmasın. Oğullar öz Vətəninin dayağıdır, dövlətini, torpağını, xalqını qorumağı özlərinin şərəfli borcu sayırlar. Çingiz kimi bir oğulun itkisinə çox təəssülənirik. Arzu edək ki, yaxın zamanlarda qələbə sədası şəhidlərimizin ruhuna təskinlik versin”.
Çingiz Qurbanovun ailəsinə başsağlığı verən millət vəkilləri Hikmət Babaoğlu və Aydın Hüseynov da dövlətimizin hər zaman şəhid ailələrinin yanında olduğunu, onlara hər cür dəstək və ehtiram göstərildiyini söyləyiblər. 
Şəhid atası Salman Qurbanov, eləcə də şəhidimizin əmisi Fərman Qurbanov dövlətimizə, Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkür edib. Hər zaman dövlətçiliyə sadiq olduqlarını bildirən şəhid Çingiz Qurbanovun yaxınları müharibə başlayacağı təqdirdə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azadlığı uğrunda döyüşə hazır olduqlarını dilə gətiriblər. Azərbaycan dövlətinin Çingizin nəşinin geri alınması üçün bütün gücünü səfərbər etdiyini bildiklərini söyləyən şəhid ailəsinin üzvləri bir daha bu ağır gündə onların yanında olduqları üçün YAP rəhbərliyinə, bütövlükdə Azərbaycan xalqına öz minnətdarlıqlarını ifadə ediblər.