Xəbərlər
Hadi Rəcəbli: Hazırda əsas vəzifələrdən biri sosial müdafiə sistemində səmərəliliyin daha da yüksəldilməsi və ünvanlılığın tam təmin olunmasıdır
«Dövlət büdcəsində sosial sahənin prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədinin xalqın rifahının yaxşılaşdırılması, ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi olduğunu bir daha təsdiqləyir». Bu fikri yap.org.az saytına müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, Prezident İlham Əliyevin düşünülmüş sosial-iqtisadi siyasəti və hərtərəfli islahatlar strategiyası qlobal miqyasda böhranın davam edən fəsadlarından və dünyanın siyasi, sosial və iqtisadi mənzərəsində müşahidə olunan proseslərdən qaynaqlanan ciddi çətinliklərin ölkəmizə təsirlərini minimallaşdırmaqla yanaşı, qarşıya qoyulan bütün vəzifələrin və sosial proqramların uğurla icrasını təmin etməkdədir. Onun sözlərinə görə, hazırda Azərbaycan Prezidentinin ölkənin sosial müdafiə sistemi qarşısında qoyduğu əsas vəzifələr əhatəliliyin maksimum dərəcədə artırılması, səmərəliliyin yüksəldilməsi, ünvanlılığın və şəffaflığın tam təmin olunmasıdır.
«Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir»- deyə, komitə sədri vurğulayıb.