Xəbərlər
Zaur Əliyev: İcbari tibi sığorta sistemi səhiyyənin maliyyə potensialını gücləndirəcək
«İcbari tibbi sığortanın tətbiqi məqsədilə Cənab Prezident İlham Əliyev “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalamış və icbari tibbi sığortanın pilot qaydada tətbiqinə başlanıb. İcbari tibbi sığortanın məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir». Bu fikirləri Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.
Z.Əliyev bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarda qurulmasını təmin edəcək. Həmçinin, əhalinin tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq və səhiyyənin maliyyə potensialını gücləndirəcək. Agentlik səhiyyə sahəsinə ayrılan vəsaitlərin daha səmərəli şəkildə əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəldilməsinə xidmət edəcək.
«Buna necə nail olacağımıza gəlincə, icbari tibbi sığorta səhiyyə sahəsinə ayrılan bütün vəsaitlərin vahid bir mənbədə cəmləşdirilməsini və əhalinin tibbi xidmətlərdən istifadə üçün çəkilən xərclərin bir mənbədən maliyyələşdirilməsini təmin edəcək. İcbari tibbi sığorta sosial həmrəylik, səmərəlilik, şəffaflıq və keyfiyyət prinsipləri əsasında fəaliyyət göstərəcək. Belə ki, səhiyyə sahəsinə ayrılan vəsaitlər dövlət ayırmaları və icbari tibbi sığorta haqqı şəklində vahid bir mənbədə cəmlənəcək. Sosial həmrəylik prinsipi əsasında fəaliyyət göstərəcək yeni maliyyələşmə sistemində dövlət vəsaitləri və icbari tibbi sığorta ödənişləri səhiyyənin maliyyələşməsinin başlıca mənbəyi olacaq. Azətminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr və bu kimi əhali qrupları icbari tibbi sığorta ödənişlərindən azad edilməklə dövlətin sosial dəstəyi ilə təmin olunacaq»- deyə, Z.Əliyev qeyd edib.